Modern.az

Qəribə taleli kitab

Qəribə taleli kitab

Aktual

15 Sentyabr 2017, 16:43

“...Bəlkə də dünyada ən sirli məkanlar arxivlərdir. Hər dəfə hansısa arxivi nəzərdən keçirəndə adama elə gəlir ki, özünə əziyyət verib nəyisə axtarıb-araşdırmağa dəyməz, onsuz da burada yeni heç nə yoxdur, bu arxivdə olanların hamısını bitdə-bitdə yoxlamısan, daha təzə nəsə tapmaq mümkün deyil. Amma son anda gözünə nəsə çarpır, diqqətini nəsə çəkir, götürürsən, baxırsan və məlum olur ki, bu, tamamilə yeni bir sənəddir, faktdır və Allah bilir necə olubsa, sən bunu indiyə qədər görməmisən.

Bu yaxınlarda atamın- görkəmli teatrşünas, araşdırmaçı, Azərbaycan teatrı, mədəniyyəti haqqında onlarla kitabın, yüzlərlə məqalənin müəllifi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Cəlil Vəzirovun arxivini nəzərdən keçirib qaydaya salanda gözümə indiyə qədər heç yerdə çap olunmamış bir əlyazması dəydi və mən bir daha əmin oldum ki, bütün arxivlərin bətni dürlü-dürlü sirlərlə doludur...”

Bu fikirlər mərhum teatrşünas, publisist Cəlil Vəzirovun oğlu Həbib Vəzirova məxsusdur. O, atasının arxivini araşdırarkən “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabının əlyazması ilə rastlaşıb. Qəribədir ki, Azərbaycan mədəniyyəti, incəsənəti, istedadlı sənətkarları barədə 20 kitabın, mindən artıq məqalənin, 600-dən çox televiziya verilişinin müəllifi olan Cəlil Vəzirovun bu kitabı müəllifin sağlığında işıq üzü görməyib. Bu barədə bir qədər sonra.   

   

Cəlil Vəzirovu anarkən...

 

Cəlil Vəzirov Naxçıvan teatrının tarixini araşdıran sanballı tədqiqatçılardan sayılıb, bu qədim Azərbaycan torpağının teatr tarixinin müxtəlif dövrləri, Muxtar Respublikanın teatral mühiti, tanınmış sənətkarları barədə dəyərli məqalələr, kitablar yazıb. O, 1980-ci ildən 2008-ci ilədək Teatr Xadimləri İttifaqının Naxçıvan Təşkilatına rəhbərlik edib, 4 il AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsində çalışıb.

Cəlil Vəzirov səmərəli fəaliyyətinə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, Prezident mükafatçısı olub, Rəsul Rza və “Qızıl Dərviş” mükafatları ilə təltif edilib. Fədakar tədqiqatçı və istedadlı publisist Cəlil Vəzirov 2008-ci il avqustun 19-da vəfat edib.

Yuxarıda qeyd etdiyimiz kimi, “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı müəllifin sağlığında işıq üzü görməyib. Cəlil Vəzirov bu barədə Əliqismət Lalayevlə fikir mübadiləsi aparıb, lakin Əliqismət Lalayev təvazökarlıq göstərərək o zaman kitabın nəşrini məsləhət bilməyib.

Aradan uzun müddət keçəndən sonra müəllifin oğlu Həbib Vəzirov atasının bu maraqlı əsərini çap etdirib. “Aposrtoff” nəşriyyatında işıq üzü görən “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabına Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı “Dost sözü, mütəxəssis rəyi” adlı “Ön söz” yazıb. Kitabın redaktoru Prezident mükafatçısı Samir Sədaqətoğlu, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

 

Əliqismət Lalayev-həyat rejissorunu daha yaxından tanıyarkən

 

Əliqismət Lalayevi yəqin ki, geniş təqdim etməyə ehtiyac yoxdur. O, 1995-2006-cı illərdə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi, 2006-ci ilin yanvarından 2008-ci ilin mayınadək Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu məsul vəzifələrdə işləyərkən ölkədəki teatrların inkişafı, yaradıcılıq fəaliyyətinin istiqamətləndirilməsi, dövlət səviyyəli tədbirlərin hazırlanması, festival və mədəniyyət günlərinin keçirilməsi ilə bağlı mühüm işlər görüb, Azərbaycan mədəniyyətini və incəsənətinin xarici ölkələrdə uğurla təmsil olunması üçün səy göstərib.    

2008-ci ildən Əliqismət Lalayev Azərbaycan mədəniyyətində özünəməxsus yeri və mövqeyi olan Dövlət Musiqili Teatrın rəhbərlik edir, həm də bacarıqlı pedaqoq kimi Mədəniyyət və İncəsənət Universitetində çalışır, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir. Mədəniyyətimizin və incəsənətimizin inkişafında xidmətlərinə görə, ölkə başçısının Sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.  

Cəlil Vəzirov bu kitabında Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Muxtar Respublikadakı Cavid Poeziya Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı müxtəlif obrazlardan, quruluş rejissor kimi hazırladığı bir-birindən maraqlı tamaşalardan, Naxçıvanın teatr mühitinə gətirdiyi yenilik və töhfələrdən ətraflı bəhs edir.

Bu da təsadüfi deyil, çünki Əliqismət Lalayev peşəkar kimi ilk addımlarını məhz Naxçıvanda atıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Antonio (P. Messina “Sükut divarı”), Aqustino ( E. De Filippo “Silindr”), Şahin (H. Orucov “Məni qınamayın”) rollarını özünəməxsus tərzdə yaradıb. Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin ilk dəfə səhnədə obrazını oynamaq da məhz Əliqismət Lalayevə nəsib olub. Onun quruluş verdiyi “Hicran” (E. Sabitoğlu, S. Rəhman), “Ana” (H. Cavid), “Günahsız müqəssirlər” (A. Ostrovski), “Astana” (A. Dudarev), “Apardı sellər Saranı” (K. Ağayeva) tamaşaları teatr ictimaiyyətinin və mətbuatın diqqətini çəkib.

Cəlil Vəzirov qəhrəmanını bacarıqlı məmur, istedadlı aktyor, rejissor, ailə dəyərlərinə böyük sayğı ilə yanaşan övlad və qayğıkeş valideyn kimi təqdim edir. “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabının hər səhifəsi, hər fəsli səmimi hisslərlə qələmə alınıb.      

 

Etibar Cəbrayıloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi