Modern.az

“Bir gün mən də olmasam, bir başqası Nuru Paşa haqqında mütləq film çəkəcək” - Xalq artisti  

“Bir gün mən də olmasam, bir başqası Nuru Paşa haqqında mütləq film çəkəcək” - Xalq artisti   

15 Sentyabr 2017, 18:01

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad edilməsinin 99-cu ili tamam oldu. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

99 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılıb, mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub. 


Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Məhz belə vaxtda Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Azərbaycan tarixində dəyəri 28 may qədər ölçüləcək bir tarixi hadisəyə imza atdı - 15 sentyabrda Bakının işğaldan azad olunmasını reallaşdırdı.

Belə bir möhtəşəm tarixi  hadisə nə səbəbə indiyə qədər ekranlaşdırılmayıb? Nuru Paşanın qəhrəmanlığı təəssüf ki, nə böyük kino, nə də teatr səhnəsinə yol tapıb.

Modern.az-a açıqlama verən Xalq artisti, tarixi janrda bir neçə ekran əsərinin müəllifi olan tanınmış rejissor Ramiz Həsənoğlu bu barədə mütləq film çəkilməsinin vacibliyini  qeyd edib. Rejissor özü məmnuniyyətlə, bu barədə film çəkmək istəyində olduğunu bildirib:

 

“Bu, çox böyük mövzudur. O dərəcədə böyük ki, bizim demək olar ki, hər birimizin ailəsi, babalarımız, ulu babalarımız bu faciənin içindən keçiblər. Sovet dövrü idi. Şəxsən mənə bibim ehtiyatla, asta səslə danışardı ki, onun ana tərəfdən babası və dayısını ailəsinin gözünün qarşısında əvvəlki Basin küçəsində güllələmişdilər. Yəni, o güllələnən mənim atamın da babası olub. Bizim nəsil kimi, o faciənin içindən keçən minlərlə insan bu gün də var.  Nuru Paşa gələnə qədər Bakıda çoxsaylı ailələri bu cür güllədən keçirirdilər.

O vaxtı bibimdən bunu eşidəndə qurudum qaldım. Yəni, bu, mümkün idimi?! Hər halda, sovet quruluşunda yaşayırdıq və bütün bunlar bizim üçün qapalı mövzular idi. Sonradan zaman keçdi, sovet quruluşu dağıldı. Meydan hadisələri, müstəqilliyin ilk illəri gəldi. Bu cür mövzular da zaman keçdikcə açılmağa başladı. Biz də müəyyən həqiqətləri ondan sonra bildik. Mənə elə gəlir ki, bu hadisə kino ekranlarına, teatr səhnələrinə, sənədli filmlərin meydançasına mütləq çıxası mövzudu. Şübhəsiz ki, mən də o biri sənətkarlar kimi böyük məmnuniyyətlə bu mövzuya müraciət etmək istərdim. Bizim bir zamanlar “Fatehlərin divanı” adlı televiziya layihəmiz var idi. Əgər o davam etsəydi, biz şübhəsiz, bu hadisələrə də yer ayıracağdıq. Elə Nuru Paşanın özünü xilaskar kimi, Şaumyanı, Sentrokaspinin rəhbərlərini isə qatil kimi proyektə cəlb edəcəkdik.  Onları bir-bir çağırıb, bu yolla tarixi hadisələrə aydınlıq gətirmək istəyərdik.

Şükürlər ki, sonradan tale bizim üzümüzə güldü. Azərbaycan hazırda müstəqil dövlətdir, taleyi öz əlindədir. İnşallah, bu mövzunun da vaxtı yetişəcək və bir gün mən də olmasam, bir başqası bunu ekranlara gətirəcək. Amma çox istərdim ki, bu mövzu ekran əsəri kimi tamaşaçılara çatdırılsın”.


N.Nihad

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi