Modern.az

“Turan”a qarşı vergi sanksiyası ləğv edildi

“Turan”a qarşı vergi sanksiyası ləğv edildi

16 Sentyabr 2017, 09:48

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

 

Modern.az-ın məlumatına görə, Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.

 

Bu barədə Departament Agentliyə rəsmi məktubla məlumat verib.

 

Qeyd edək ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən "Turan"a qarşı cinayət işi başlanması üçün istifadə edilmişdi.

 

Avqustun 16-da Agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.

 

İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.

 

Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

 

"Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sentyabrın 11-də isə Prezident İlham Əliyev  “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Həmin gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və M.Əliyev azadlığa buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi