Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edəcək. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.
Modern.az saytı ““Qarabağ”-“Roma” oyununa baxacaqsınız” sualı ilə bir neçə tanınmış simaya müraciət edib.
Xalq artisti , məşhur xanəndə Arif Babayev:
“Bəs necə?. “Qarabağ”ın bütün oyunlarına baxmamış yata bilərəm?. “Qarabağ” - “Roma” oyunu üçün səbrsizliklə saatların keçməsini gözləyirik. Komandamıza uğurlar arzu edirəm. Bu dəfə düşünürəm ki, “Qarabağ”ımız rəqibin qapısına qol vuracaq. Təxmini deyə bilərəm ki, 2 top nağdı var. Oyunu evdən izləyəcəm. Bu dəqiqə işlər çoxdur. Evə gəlib yeməyimi yeyib yatıram. Amma “Qarabağ”ın oyununa görə yatmayacam”.
Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov:
““Qarabağ”a canımız qurban olsun. Futbol klubunun adının Qarabağ olması vacib siyasi üstünlükdür. Təbii ki, mən də istəyirəm ki, “Qarabağ” komandası qalib gəlsin. Sözün açığı, musiqiyə daha çox bağlıyam. Buna baxmayaraq, futbol da izləyirəm. “Qarabağ” - “Roma” oyununu da izləyəcəm”.
Xalq artisti, aktyor İlham Namiq Kamal:
“Çalışacam ki, oyunu stadiondan izləyim. Amma çatdırmasam, yəqin ki, televiziyadan izləyəcəm. Təbii ki, “Roma” komandasının ölkəyə gəlməsi özlüyündə böyük hadisədir. Eyni zamanda “Qarabağ” komandası haqqında fikirlərim də müsbətdir. Bu, əlbəttə, baş məşqçi Qurban Qurbanova da aiddir. Sadəcə məni düşündürən əsas məsələ, milli oyunçularımızın inkişafıdır. Mən həmişə öz komandalarımıza dəstək olmaq istəyirəm. Bu baxımdan bu günkü oyun bizim üçün kifayət qədər əhəmiyyətlidir. Ona görə də “Qarabağ”ı dəstəkləmək lazımdır”.
İqtisadçı Natiq Cəfərli:
“Stadiona getmək fikrim var. Amma bir az özümü naxoş hiss edirəm. Əgər sağlamlıqla bağlı bir problem olmasa, stadiona gedəcəm. Stadiona gedə bilməsəm də, oyunu dostlarla birlikdə televiziyadan mütləq izləyəcəm.
Əslində “Qarabağ”ın ev oyunları daha yaxşı təsir bağışlayır. Azərkeşlərin də böyük dəstəyi olacağını güman etsək, “Qarabağ” daha inamlı oynayacaq. Mənə elə gəlir ki, udmaq şansı az olsa da, oyunun heç-heçə bitmə ehtimalı var. Hesabın 1-1 olması ehtimalı çox yüksəkdir”.
Əməkdar incəsənət xadim, şair Baba Vəziroğlu:
“Oyunu stadiondan izləmək şansım olmayacaq. Yəqin ki, evdə “Qarabağ” - “Roma” matçına baxacam. Amma oyunun nəticələri ilə bağlı heç bir düşüncəm yoxdur. Proqnoz verməkdə bəlkə də 7 milyard insan içində ən axırıncısı mən olaram. Eyni zamanda, verilən proqnozlara da inanmıram. Sadəcə komandamıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı bu gün saat 20:00-da start götürəcək.