“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) sədr Arif Alışanovun avtomobilinin ödənilməmiş cərimə səbəbindən cərimə meydançasına aparılması iddialarına cavab verib.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Modern.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Sədrin avtomobili cərimə meydançasına aparılmayıb. Bu, növbəti dezinformasiyadır”.
Bu gün yayılan məlumata görə, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
O da qeyd edilir ki, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.