Bu günlərdə “Hürriyyət” qəzeti Naxçıvan Muxtar Respublikası rəhbərliyinin kitab oxumaqla bağlı verdiyi tövsiyəyə dair karikatura dərc edib. Bu, Naxçıvan ziyalıları və əhalisinin ciddi narazılığına səbəb olub.
Modern.az saytı naxçıvanlı ziyalı, Muxtar Respublikadan millət vəkili seçilmiş, Milli Məclisin komitə sədri Eldar İbrahimovdan məsələyə münasibət öyrənib:
O, belə bir karikaturanın dərcini Naxçıvan əhalisinə hörmətsizlik adlandırıb:
“450 min nəfərdən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını işğalçı Ermənistanın uzun müddət blokadada saxlamasına baxmayaraq, Azərbaycanın ən önəmli bölgələrindən biri olan Muxtar Respublika son illər sözün əsl mənasında özünün ən parlaq inkişaf mərhələsini yaşayır. Bunu tək mən yox, bölgəyə gedən hər bir kəs əyani olaraq görür və bu inkişafı danmaq, yumşaq desək ədalətsizlikdən başqa bir şey deyil. O qədər də əlverişli təbii-iqlim şəraitinə malik olmayan Muxtar Respublikada demək olar ki, bütün sosial-iqtisadi sahələrdə çox uğurlu nəticələr əld edilmiş, əhalinin ən ümdə ehtiyacları olan ərzaq və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Bu nailiyyətlərin əldə edilməsi isə hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Muxtar Respublikaya diqqət və qayğısı, və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, hörmətli Vasif Talıbovun bu diqqət və qayğını böyük əzmkarlıq və yüksək təşkilatçılıqla həyata keçirməsi ilə əlaqədardır. Bu nailiyyətləri görməməzliyə vurmaq isə xalqına, dövlətinə bağlı olan hər bir insanda yalnız təəsüf hissi yaradır.
26-28 sentyabr tarixli “Hürriyyət” qəzetində Naxçıvan Muxtar Respublikasında gənc nəslin oxuması vacib olan kitablar barədə karikatur baxışın yer almasını mən qətiyyətlə rədd edirəm və bunu Naxçıvan ziyalılarına və əhalisinə hörmətsizlik hesab edirəm. Bu karikatur baxışı verən insanlar anlamalıdır ki, elmi inkişaf etməyən ölkənin gələcəyi yoxdur. Ona görə də insanlar ömrünün sonuna kimi oxumalı və öyrənməlidirlər.
Bu da sirr deyil ki, hazırda bütün dünya ölkələrində elektron sosial şəbəkənin genişlənməsi insanlarda kitab oxumağa meyli azaldıb.
Ona görə də hər il aprelin 23-də Ümumdünya kitab günü keçirilir. Maraqlıdır ki, “Hürriyyət” qəzetinin həmin nömrəsinin son səhifəsində “Kitab oxuyan sərnişinlərdən gedişhaqqı alınmayacaq” başlıqlı yazı verilmiş və Rumıniyada əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı təşəbbüslər əks olunmuşdu. Öz təşəbbüsümüzü lağa qoyub, başqasının eyni tədbirini dəstəkləməyin adı nədir, bunu qoy oxucular desin. Bu karikatur baxışın bir eybəcərliyi də ondadır ki, onu yazanların və qəzetdə çap olunmasına izn verənlərin ata-babaları və özləri də eyni ləhcə ilə danışır və indi bu ləhcəni də qabardaraq, irad tutmağa cəhd edirlər. Unutmasınlar ki, ləhcə ilə danışmaq qəbahət deyil və bu həmin şəxsin elinə, obasına, dilinə və vətəninə daha sıx bağlılığını göstərir. Digər tərəfdən naxçıvanlılar öz çıxışlarında və görüşlərində həmişə müasir Azərbaycan dilinin tələblərinə uyğun danışırlar.
Göründüyü kimi, bu karikatura baxışın qəzetdə yer alması heç də təsadüf deyil. Bunun arxasında Azərbaycan Respublikasının və o cümlədən Naxçıvan Muxtar Respublikasının son illər qazandıqları nəhəng uğurlu nəticələrə narahat olan qüvvələr durur. Həmin qüvvələr həmişə olduğu kimi, 2018-ci il Prezident seçkiləri yaxınlaşdıqca, ölkəmizin əsl vətənpərvər rəhbər işçilərinə qarşı belə qərəzli yazılar və karikaturalar verirlər. Ancaq onlar nə yazırlar yazsınlar, ölkə əhalisi baş verənləri əyani surətdə görür və obyektiv qiymət verməyi bacarır".