Modern.az

Əbülfəs Qarayev Avropa İttifaqının nümayəndəsinə təklif verdi

Əbülfəs Qarayev Avropa İttifaqının nümayəndəsinə təklif verdi

Aktual

29 Sentyabr 2017, 15:33

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası 2017-ci ilin 28 sentyabr tarixində qəbul edib.

Görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir bildirib ki, Aİ ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb. Layihənin nəticəsi olaraq Nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş verib, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılıb. Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparıldı və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edilib.

Daha sonra nazir Əbülfəs Qarayev 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş “Bakı Prosesi” və bu proses çərçivəsində keçirilən Mədəniyyətlərarası Dialoq Forumu barəsində məlumat verib, eləcə də göstərilən təşəbbüslərdə Avropa İttifaqının daha da yaxından iştirakının nəzərdən keçirilməsini təklif edib. Cənab Yankauskas bu təklifin nəzərdən keçiriləcəyini bildirib və Avropa İttifaqında da mədəniyyətlərarası və dinlərarası dialoq mövzusunda tədbirlərin təşkil olunmasını qeyd edib. O, xüsusilə bu il Brüsseldə təşkil olunmuş dini liderlərin görüşü barədə məlumat verib.

Sonda nazir Əbülfəs Qarayev Kestutis Yankauskasa yeni vəzifəsində uğurlar arzu edib və tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu