Modern.az

Bakıda ev heyvanlarının xəstəlik yaymamağına təminat verilmir - PROBLEM

Bakıda ev heyvanlarının xəstəlik yaymamağına təminat verilmir - PROBLEM

3 Oktyabr 2017, 17:10

Hazırda Bakıda kifayət qədər insan ev heyvanı saxlayır. Hətta bəzən heyvanlara övlad münasibəti bəsləyənləri də görürük. Əksər ölkələrdə şəhər mühitində saxlanılan ev heyvanları qeydiyyata alınır və bu istiqamətdə xüsusi nəzarət olur. Lakin Bakıda nə qədər insanın heyvan saxladığı, onların sağlamlığı və ya digər məsələləri ilə əlaqəli məlumat əldə etmək demək olar ki, mümkün deyil.

Maraqlıdır, ölkədə ev heyvanları ilə bağlı məsələlər necə tənzimlənir?

Heyvanların Mühafizəsi  Cəmiyyətinin sədri Azər Qarayev Modern.az-a deyib ki,  ev heyvanları ilə əlaqəli məsələlərə dövlət səviyyəsində baxılmalıdır:


“Ev heyvanlarının saxlanması, onların damazlığı kimi məsələlər yeganə qanunla tənzimlənir. Bu da “Baytarlıq haqqında” qanundur. Eyni zamanda, xüsusi olaraq 2011-ci ildə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları" hazırlanıb. Burada heyvanların saxlanması şərtləri, ev heyvanı saxlayan şəxslərin hüquqları, məhdudiyyətlər, ev heyvanı saxlayan şəxslərin vəzifələri, heyvanlarla qəddar rəftara görə məsuliyyət və s. müddəalar öz əksini tapıb. Yəni ölkədə ancaq iki qanun və qanunvericilik aktı bu məsələni tənzimləyir. Əlbəttə, bütün bunlar kifayət deyil. Biz 2010-cu ildə “Heyvanların mühafizəsi haqqında” qanun layihəsi hazırlayıb hökumətə təqdim etmişdik. Təəssüflər olsun ki, hələ də bu layihəyə baxılmayıb və qəbul olunmayıb”.

A.Qarayev qeyd edib ki, hazırda ən böyük problem ev heyvanlarının qeydiyyata alınmamasıdır:

“Azərbaycanda  dövlət səviyyəsində ev heyvanlarının hesabatı aparılmır. Yalnız baytarlıq idarəsinə heyvanlarını  gətirənlər  sənəd ala bilir və həmin heyvan guya qeydiyyata düşür.  Amma hazırda bilirsiniz ki, minlərlə heyvan saxlanılır. Onların heç bir sənədi yoxdur, heç bir hesabatda adı yoxdur. Bu baxımdan heyvanların sabahkı taleyi, onların hara atıldığı, kimə verildiyi müəyyən olunmur. Halbuki, bu, vacib məsələlərdən biridir”.

Müsahibimiz düşünür ki, ev heyvanlarına nəzarət edən qurum yaradılmalıdır:

“Ev heyvanlarına belə məsuliyyətsiz yanaşma nəticəsində problemlər yaranır. Məsələn, müəyyən müddət heyvanı qayğısına götürən biri ondan imtina edib küçəyə ata bilər.  Bu da təbii, sahibsiz heyvanların sayının artmasına gətirib çıxarır. Onsuz da ölkədə belə problem yaşanır və həll edilə bilmir. Yaxud qeyri-humanist və ya qeyri-qanuni həll yolları tapırlar.

Bu baxımdan ev heyvanlarına nəzarət edən qurumun olması mütləqdir. Ümumiyyətlə ölkəmizdə heyvanların mühafizəsi istiqamətində məsələlərə diqqət yetirilmir.  Buna ya bəzi qeyri-hökumət təşkilatları, ya da könüllülər nəzarət edir. Onların da maddi imkanları çox məhduddur. Halbuki,  bu, dövlət səviyyəli vacib bir məsələdir. Digər ölkələrdə ev heyvanları ilə bağlı ya dövlət strukturları yaradılır ya da məsələ qanunvericiliklə tənzimlənir. Lakin problem hələ də başlı-başına qalıb”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək