Çoxdandır ki, vaxtilə leytenant Şmidt adına neft maşınqayırması zavodunda fəhlə işləyən, sonralar poetik söz sahibləri kimi tanınan insanlar haqqında yeni bir layihə üzərində işləmək fikrində idim. Kimdən başlamağı qərarlaşdıra bilmirdim.
Onların sayı çoxdur. Əsəd Əylisli (Quliyev), Nəriman Qəhrəmanov, Ağa Savalan, Elşad Səfərli, Nəsirağa Nəsirov, Knyaz Hüseynzadə, Məlahət Yusifqızı, Məzahir Qarayev, Ədalət Əsgəroğlu, Nemət Pənahov .....
İlk sözüm Məlahət Yusifqızı haqqındadır.
Məlahət Yusifqızının " Uğur olsun, Məlahət!" alqışı ilə çap olunan "Sən ayrı, mən ayrı" və "Zəhmət" adlı iki şeiri "Qabaqcıl texnika uğrunda" adlı çoxtirajlı qəzetin 10.09.1980-ci il tarixli 29-cü (5321) nömrəsində dərc olunub.
Alqış deyən mən idim; redaktor əvəzi Nazim Nəsrəddinov, Azərbaycan KP Nərimanov RK müəssisə Siyasi Maarif Kabinetinin müdiri.
O vaxt Məlahət leytenant Şmidt adına zavodun nəqliyyat sexində gülbəsləyən qız kimi tanınırdı. Gül becərmək onun vəzifə borcu idi. Zavodun gülə də ehtiyacı var idi. Məlahət zavodda əmək qabaqcılı kimi tanınırdı. O,zavodun çoxtirajlı qəzetinin fəal fəhlə müxbirlərindən biri idi. Zavoda əmisi sürücü Şəfi ilə bir yerdə gəlib-gedirdi. Bəlkə də 2 mindən artıq işçisi olan bu məşhur zavodda bir neçə azərbaycanlı qız işləyirdi. Onlardan ən ünsiyyətcili Məlahət idi.
Məlahət istehsalatdan ayrılmadan ADU-nun fəhlə fakültəsində - hazırlıq kursunda oxudu. İmtahan yolu ilə S.M.Kirov adına ADU-nun kitabxanaçılıq fakültəsinə daxil olandan sonra yeni yaradıcılıq mühitinə düşdü, sözlərdən gül bəsləmək onun poetik vəzifəsinə çevrildi.
Mən o vaxt gənc şairəyə ünvanladığım alqışımı bu sözlərlə qurtarmışdım:
"Oxucularımızın yaxşı tanıdıqları gənc şair Məlahət Yusif qızı şeirin çətin yolunda qazandığı müvəffəqiyyətlərdən arxayınlaşmasa, öz üzərində müntəzəm çalışsa, kitablar xəzinəsində onun da özünəməxsus poetik düşüncələrindən ibarət söz incisi toplusu ola bilər ".
Deyəsən,düz demişəm axı...
Şoxdandır görmürdüm. Son vaxtlarda tez-tez tədbirlərdə gördüm. Tanıdım... Gülbəsləyən qız...
O vaxtdan 37 il keçir...
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.
Bakı.
03.10.2017