Bu gün universitetdə IV kurslar üçün sonuncu dərs günü idi. O da bu gün çox sevdiyi informatika fənnindən auditoriya qarşısında sonuncu dəfə dərs danışırdı. Bütün diqqətini danışdığı seminar mövzusuna toplamağa çalışsa da, xəyallar onu çəkib 4 il əvvəllə aparmışdı. Universitetə gəldiyi ilk günlərə:
Rayondan yeni gəlmiş qorxaq, utancaq, özünə inamsız bir qız və qapısının girişindən ta auditoriyalaradək hər addımında rüşvət qoxan universitet. Sifəti məhkəmə divarları kimi sərt kafedra işçiləri və rüşvətin adi hal olmasını elə adi hal kimi də qəbul etmiş biganə müəllimlər (bir-ikisi istisna). Bütün bunlar onun təhsil haqqındakı böyük düşüncələrini tamamilə alt-üst edərək, təəssüf dolu bir təəssürat yaratmışdı. Elə bu səbəblə də universitetin tələbələr üçün yaratdığı "unikal imkan"dan (aylıq pul ödəyib, dərsə gəlməmək) "yararlanaraq", istəməsə də rayona qayıtmışdı. Amma içindəki oxumaq, inkişaf etmək istəyi onu təkrar universitetə gətirmişdi.
Universitetdə dəyişən heç nə yox idi. Odur ki, yeni qərar verərək - təkrar qəbul imtahanlarında iştirak edib, başqa ali məktəbdə təhsil almaq - dekanlığa ərizə yazmağı planlamışdı. Amma, görünür dəyişiklik daxildən olmadıqca, zahirən nəyisə dəyişməyin heç bir mənası yox idi. Bəlkə də elə məhz, buna görə Allah ona universiteti tərk etməyə imkan verməmiş və onun daxildən dəyişməsini istədiyi üçün başqa bir imkan yaratmışdı. Hansı ki, o, sonralar bu lütfü üçün Allaha çox minnətdar olacaqdı.
Həmin gün dekanlıqda işçilər olmadığına və digər tərəfdən də informatika fənninin tədrisi üçün yeni müəllim təyin olduğuna görə dərs otağına qayıtdı. Elə hər şey də bununla - yeni müəllimlə tanışlığıyla başlamışdı. Zaman keçdikcə, müəllimini daha yaxından tanıdıqca, onun hər keçən gün daha doğma bir insana çevrildiyinin fərqinə varırdı. Bu gün tələbəlik həyatının sonuncu dərsi də məhz çox sevdiyi müəlliməsinin dərsinə təsadüf edirdi. Universiteti bu cür kövrək, nostalji və eyni zamanda da ruh yüsəkliyi ilə bitirmək onu məmnun edirdi. Dəqiqələr ötür və o da danışdığı dərsi yekunlaşdırırdı:
-"... Göründüyü kimi EHM-ın (Elektron Hesablama Maşınları) tədrisdə tətbiq imkanları qeyri-məhduddur. Onları tədrisin istənilən sahəsinə tətbiq etmək və orda yüksək nəticələr əldə etmək mümkündür. Amma bir faktı yaddan çıxarmaq olmaz. EHM-in tədrisdə tətbiq imkanları nə qədər geniş, məhdudiyyətsiz olursa olsun, müəllimin rolu daim əvəzsiz olaraq qalır. Çünki ən mükəmməl şəkildə təchiz edilmiş kompüter belə, tələbə və şagirdin psixoloji-mənəvi durumunu anlaya bilməz. Və yaxud tələbə-şagird dərsə yaxşı cavab verdiyi, yüksək göstəricilər əldə etdiyi zaman müəllimin ona qarşı şəxsi minnətdarlıq duyğularını kompüter əvəz edə bilməz".
Bayaqdan bəri onu diqqətlə dinləyən müəlliməsi bu anda onun yanına gəlib saçlarına sığal çəkərək, auditoriyaya müraciətlə dedi:
- Baxın, bunu kompüter heç vaxt eləyə bilməz.
İllər keçəcək , amma o müəlliməsinin isti əllərinin hərarətini saçlarında həmişə hiss edəcəkdi. Bu gün bu yazını qələmə alarkən belə, o günü təkrar yaşayırmış kimi hiss etdiyi qədər. O günlərdən 8 il ötürdü. Bu 8 ildə müəlliməsi ilə əlaqəsini kəsməmişdi, amma ona olan ürək sözlərini də heç vaxt deyə bilməmişdi. Odur ki, bu il "Müəllimlər günü" münasibətiylə bir təşəkkür məktubu hazırlayaraq, saytda dərc etdirməyi və geniş kütlə qarşısından müəlliməsinə olan sevgi və minnətdarlıq dolu ürək sözlərini çatdırmağı qərara aldı:
“Canım müəlliməm, siz bu sözləri oxuyursunuzsa, mən özümü biraz da olsa, xoşbəxt hiss edə bilərəm. Sizə olan sevgimi ifadə etmək bir məqaləyı sığmaz. Siz mənə görə bəşərin fövqündə doğulmuş insansız. Orta məktəb illərində beynimizə yeridilmiş sovet müəllimi ruhunu dağıdaraq, əsl müəllim simasının necə olduğunu sübut elədiniz. Siz həyatıma özünüz də bilmədən ən çətin günlərimdə, ən ehtiyacım olan anda gəldiniz. Deyirlər, həyatda ən böyük şans, uşaq vaxtı yaxşı bir müəllimlə rastlaçmaqdır. Sizi uşaqlıqdan tanımaq şansım olmayıb, amma sizi tanıyanda mənim ən gözəl şansım olduğunun fərqinə vardım. Siz məktəb illərindən düşüncəmdə qalan bütün boşluqları doldurdunuz. Daxilimdəki yarımçıqlıq hissini qovaraq, özünəinam fidanları əkdiniz. Siz mənə o qədər inanırdınız ki, bu inam özünü çox gecikdirmədi - buraxılış imatahanında İnformatika fənnindən yüksək nəticə göstərərək, birbaşa dövlət imtahanına buraxıldım. Təbii ki, imtahana hazırlaşmağım üçün necə səy göstərdiyinizi, hətta istirahət gününüzü sərf edərək, mənə evinizdə informatika materiallarını izah etməyinizi də unutmadım. Sizi universitet illərində bir müəllim kimi tanımışdım, amma sonralar daha yaxından tanımaq şansım da oldu. Məni evinizə dəvət etmişdiniz. Auditoriya qarşısındakı onurlu müəllimənin bir də necə zərif xanım, mükəmməl həyat yoldaşı və əvəzolunmaz ana olduğuna şahidlik etdim. Və "Həyatda ideal insan olmur" sözünün də əslində mükəmməli görmək istəməyənlərin beynimizə yeritdiyi bir uydurma olduğuna qərar verdim. Bu gün hansısa romanda, hekayədə oxuduğum müəllim obrazı məni nə təccübləndirir, nə də heyran edir. Çünki mən müəlliflərin əslində görmək arzusunda olub da, qələmlərində yaratdığı müəllimlə həyatda tanış olma şansını yaşamış bir tələbəyəm. Burdan o illərə boylananda təəssüfləndiyim yalnız bir məqam var: -utancaqlığım səbəbiylə heç vaxt sizinlə bir şəklim olmasını istədiyimi deyə bilmədim. Baxmayaraq ki, gözlərim simanızı yaddaşımın ən işıqlı səhifələrinə həmişəlik həkk etmişdi. Canım müəlliməm, yüksək pedaqoji və metodoloji bilikləriniz, mehriban simanız, qayğıkeş münasibətiniz, nəvaziş dolu təbəssümünüzlə əsl müəllim formulusunuz. Siz bu dünyada tanıdığım ən yaxşı müəllimsiniz. Nə yaxşı ki, sizi tanımışam. Bu gün müəllim kimi fəaliyyət göstərməsəniz də, 5 oktyabr məhz sizin bayramınızdır. Bayramınız mübarək müəllimlərin ən gözəli!!! Sizə çox-çox təşəkkür edirəm, mənə inandığınız üçün, bir də məni mənə tanıtdığınız üçün”.
P.S. Hekayədə sözükeçən müəllim anam qədər sevib hörmət etdiyim, universitetdən İnformatika müəlliməm Arzu Qarayeva, tələbə isə mənəm - Dünya Muradova.