Modern.az

23 Oktyabr... O məşum gecənin İŞĞALI

23 Oktyabr... O məşum gecənin İŞĞALI

23 Oktyabr 2017, 12:26

Nicat Nəsirli

Hər il oktaybr ayının iyirmi üçüncü sərin, boz-bulanıq günü gələndə xəyalən o hadisələrə qayıdıram. I Qarabağ Müharibəsində sonuncu məğlubiyyətimizin, milli xəyanətlər seriyasının başa çatdığı gün- 1993-cü ilin 23 oktyabrı. Həmin gün sanki qiyamət qopdu, yerlə göy birləşdi... 1992-ci ilin payızından cəbhədə başlamış geriləmələr insanlarda dərin psixoloji gərginlik yaratmışdı, hamının balası cəbhədə vuruşurdu, hər döyüş məğlubiyyətlə başa çatanda ata-analar ölüb dirilirdi. Bakıdakı siyasi gərginlik cəbhəyə mənfi təsir göstərmişdi, hərbi dəstələr peyda olmuşdu, özbaşınalıq edirdilər, tez-tez atışmalar baş verirdi. Şəhərlər, kəndlər işğal edildikcə köçhaköç, məcburi köçkünlərin sayı artır, şəhid qəbirstanlıqları böyüyürdü, inzibati binaları boşaldıb özünümüdafiə batalyonlarına verirdilər. Artıq dərsə getmirdik, atəş səsləri getdikcə qəsəbəmizə yaxınlaşırdı...

Xocalıdan sonra Şuşanın işğalı hamıda çaşğınlıq yaratmışdı, əsgərlər arasında fərarilik halları genişlənmişdi, hər gün yayılan şayələrin qabağı alınmırdı, əhali ilə iş aparılmırdı. Bazarlarda hər gün “ oblava”lar keçirirdilər, cavan adamları qara maşınlara basıb cəbhəyə yollayırdılar, çoxunun meyidi bir neçə gündən sonra dəmir tabutlarda geri qayıdırdı. Camaat buna çox kəskin reaksiya verirdi, bütün həyət-bacalardan ağlaşma səsləri gəlirdi. Vətənpərvərlik duyğularına sarılaraq səngərlərdən çıxmayan oğulların çoxu  həlak olmuş, sağ qalanlar isə ölkədəki siyasi böhranın nəticəsi olaraq ruhdan düşmüşdülər. Rayonda ikihakimiyyətlilik yaranmışdı, Surət öz namizədini başçı təyin etmişdi, mərkəzi hökumətin nümayəndəsi olan bəy isə hörmətini itirmişdi. Mərkəzi televiziya ilə yayımlanan Ali Sovet deyişmələri insanları gərginləşdirirdi, özünümüdafiə batalyonlarında döyüş ruhu günü-gündən zəifləyirdi, vahid koordinasiya olmadığından Hadrudun erməni kəndlərinə əks-hücumlar nəticə vermirdi. Əksinə, kənd az-maz itki ilə alınırdısa sonradan böyük itkilər verərək geri çəkilirdilər. Erməni kəndlərində ələ keçirilən sərvət uğrunda silahlı qarşıdurmalar baş verirdi. Həftədə bir dəfə evimizin yaxınlığındakı hamama çimməyə gətirilən əsgərlər açıq-aşkar  nəşə çəkirdilər, dediklərinə görə “qan, barıt qoxusunu unutmaq üçün “hallanmağa” ehtiyac vardı”. Əhali danışırdı ki, “filan komandir, əsgərlərini arxadan vurduraraq meyidlərini ailələrinə pulla satır”. Başqa rayonlardan kömək məqsədi ilə gətirilmiş batalyonlar müdafiəni xeyli zəiflətmişdi. Əvvəllər ayıb sayılsada 93-cü ilin yayında imkanı olanlar ailələrini rayondan çıxarmağa başlamışdılar.


Bütün bunlar nəyəsə hazırlıq idi... hamı qorxunc bir sonu gözləyənə bənzəyirdi.. Və qiyamət 23 oktyabr günün ikinci yarısı, 16 radələrində qopdu. Əvvəlcə nömrəsiz bir hərbi maşın peyda oldu, səsucaldıcı ilə qışqırırdı: “Ay camaat! Niyə oturmusuz?! Ermənilər Horadizin üstündədirlər!”. Dediyi düz idisə, düşmən 30 km məsafəyə yaxınlaşmışdı.   


Qəflətən haradansa köç maşınları peyda oldu, minlərlə insan seli harasa axmağa başladı. Meyit, ev əşyaları, uşaq-qadın daşıyan maşınlar harasa üz tutmuşdular. Ermənilər rayonun yeganə çıxış yolunu top atəşinə tutduqlarına görə insan seli İran sərhəddinə istiqamətlənmişdi. Gecə qaranlıq düşənə qədər İran qapıları açmadı, artıq “Alazan” raketləri Arazın sularına çırpılıb çayı təlatümə gətirirdi.Zəngilan müasirəyə düşmüşdü, tez-tez Arazın qoynuna alıb apardığı meyidləri gördükçə anlaşılırdı ki, ermənilər ikinci Xocalı yaratmaq istəyir. Qışqırıqlar, fəryadlar bir birinə qarışmışdı...

Kütlə məcbur qalıb Arazın qırağı ilə-torpaq yolla Beyləqana üz tutdu. Gecənin qaranlığında kəndlərdən göya ucalan alov dilimləri aydın görünürdü... 

O məşum 23 oktaybr gecəsində gördüyüm hadisələri bir- bir sözə düzmək asan deyil. 24 oktyabr səhəri açılanda artıq Daşburun “kuruqu”nda idik. Səhərin ala-toranlığında ucu-bucağı görünməyən tankları, topları görəndə hamı başa düşdü ki, əhalini müdafiə eləməli olanlar bir neçə gün əvvəl mövqelərini tərk etmişdilər..

Sonralar İmişlinin palçıqlı çöllərindəki çadır düşərgəsində yaşayanda öyrəndik ki, hələ aprel ayından rayon işğala hazırlanırmış, üç ay meşələrdə, dağlarda gizlənə-gizlənə işğal zonasından çıxıb gəlmiş qonşumuz Petka (Peyman) danışırdı ki, ermənilər boşaldılmış kəndlərə girməyə uzun müddət ürək etməyiblər, bunu pusqu bilərək gözləməyi üstün tutublar. Hətta körpünün altında gizləndiyi vaxt azərbaycanca danışıqları aydın eşitmişdi. Hərbi paltarda olan şəxslər danışırmışlar ki, əhali tamam çıxıb “ hər şey danışıldığı kimi” olub.  

Qara camaat bacardığını eləmişdi, kimi balasını vermişdi, kimi var- dövlətini, hər gün qapısında heyvan kəsib səngərə göndərənlər vardı, nişan üzüyünü çıxarıb orduya bağışlayan kişi qeyrətli qızlar az deyildi.  Bu cür yüzlərlə insanın haqqı batı, yurd-yuvasından oldu, pərən- pərən düşdülər. Çoxu köçkün həyatının istirablarına dözə bilmədi, çadır düşərgələrində canına qıydı. Doqquz yaşımdan başlayan və hələ də davam edən köçkün həyatımda yüzlərlə insanın faciəli sonunu gördüm. İyirmi dörd il keçməsinə baxmayaraq bu gün də minlərlə insanın qəlbində  yurd həsrəti hər an sağalmaz yara kimi sızıldayır...

Bəlkədə ZAMAN  haçanca çox müəmmaların cavabını verəcək...

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər