Modern.az

Tahir Süleymanov: “YAP-ın yaranması zərurət idi”

Tahir Süleymanov: “YAP-ın yaranması zərurət idi”

Aktual

1 Noyabr 2017, 11:43

Oktyabrın 27-də Siyəzəndə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 iliyinə həsr olunmuş tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Etibar Heydərov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü biruzə vermiş və 90-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdır. Lakin yaradılan partiyalar ölkənin düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyətin daha da  ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan  çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”-in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzusu və istəklərinin ifadəsi idi.

 

Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə  blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun  Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması  ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın  bütün  regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini  qəbul etdi. Konfransda Heydər Əliyev  yekdilliklə partiyanın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

 

 

Tədbirdə partiya üzvlərindən Şəms Hüseynova, Vüqar Abdullayev çıxış etdilər. Onlar öz çıxışlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söylədilər.

 

 

Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov öz çıxışında qeyd etdi ki, “Yeni Azərbaycan Partiyasının yaranması zərurət idi. Dəfələrlə hakimiyyət dəyişikliyindən sonra hər bir Azərbaycan vətəndaşı ölkəni bürüyən böhrandan çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Partiyanın yaranması isə Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün güc mərkəzinin formalaşması demək idi. Təsadüfi deyil ki, yaranışından cəmi altı ay sonra Heydər Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi“. 

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış etdi. O, tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi və bildirdi ki, bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Onun yaratdığı Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə daha uca zirvələr fəth edəcəkdir.

 

Tədbirin sonunda bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olundu və yubiley konsert proqramı ilə davam etdirildi.

 

 

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?