“Azərbaycanda axtarış, notariat, ekspertiza, vəkillik fəaliyyəti üçün alternativ orqanların yaradılmasına imkan verilməlidir. Çünki Azərbaycan Konstitusiyası buna imkan verir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu, həyata keçirilmir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycanda “Pulsuz hüquqi yardım haqqında” qanunun qəbul olunmasına ehtiyac var.
“Bizdə axtarış, notariat, ekspertiza, vəkillik fəaliyyəti üçün alternativ orqanlar yaradılmadığına görə bu, yalnız dövlətin hesabına keçiriləcək. Azərbaycanda hüquqi yardım məsələsi o dərəcədə də yaxşı deyil. Guya pulla yaxşı hüquqi yardım göstərilirmi? Biz hüquqi yardımın keyfiyyətinə, vəkillərin sayına görə Avropadan 20, bəzi qonşu ölkələrdən 50-10 dəfə geri qalırıq. Azərbaycanda kompleks hüquqi yardım sistemi möhkəmləndirilsin. Alternativ orqanların yaradılması, pulsuz hüquqi yardım, vəkillərin sayının çoxaldılması, kvotanın aşağı salınması və s. kimi məsələlər kompleks şəkildə həyata keçirilməlidir”.
T.Kərimli qeyd edib ki, dövlət tərəfindən imkansız şəxslərə pulsuz hüquqi yardım göstərilməsinə və onların vəkillərlə təmin olunmasına qanunvericilik imkan verir.
“Amma bu heç də həmişə olmur. Azərbaycanda 350 mindən çox mülki iş var. Mən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun müzakirəsi zamanı da dedim ki, ali hüquqi təhsilə malik olan şəxslər nümayəndə olsunlar. Amma mənim təklifim keçmədi. Nümayəndəlik institutunun ləğvi çox böyük problemlər yaradacaq. Bununla bağlı dövlətdə çox ciddi ağrılar baş verəcək . Heç olmasa qocaların, əlillərin, veteranların, aztəminatlı ailələrin, şikəstlərin dövlət vəsaiti ilə vəkillərlə təmin olunmasına nail olmaq lazımdır.. Bəzən belə bir ümidlər olur ki, kaş o qanunu biraz da təkmilləşdirərdik. Bu həm işsizliyin qarşısını alardı, həm də daha əhatəli olardı”.