Modern.az

Sərdar Cəlaloğlu Milli Şura və Müsavatın aksiyalarını müqayisə etdi

Sərdar Cəlaloğlu Milli Şura və Müsavatın aksiyalarını müqayisə etdi

6 Noyabr 2017, 13:39

Son zamanlar Milli Şuranın mütəmadi olaraq mitinq keçirdiyini müşahidə edirik. Düzdür, digər partiyaların burada iştirakını görməsək də, hər halda mitinqlərin  müəyyən  kütləsi olduğu bəllidir. Sentyabrın 23-ü, oktyabrın 7-si və 28-i  Milli Şuranın  “Məhsul” stadionunda keçirdiyi mitinqlər buna nümunədir.

Eyni zamanda Müsavat Partiyası da yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də,  icazə verilmədi. Buna qarşılıq olaraq noyabrın 3-ü Müsavat Partiyası sərbəst toplaşmaq azadlığı tələbi ilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirdi.

 

Prezident seçkilərindən öncə bu cür aktivliyin olması normaldır. Lakin məsələnin maraqlı tərəfi səsləndirilən şüarlardır. Mitinqlərdə demək olar ki, yeni şüarlar ortaya qoyulmur.

 

Ümumiyyətlə, maraqlıdır, Milli Şura və Müsavat partiyasının  aksiyaları bir-birindən nə ilə fərqlənir?

 

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a danışıb. O bildirib ki, mitinqlərdə hər hansı fərq yoxdur:

 

“Hazırkı mitinqlərin fərqi ilə bağlı hər hansı müşahidə aparmamışam, yaxud bu haqda düşünməmişəm. Amma partiyaların keçirdiyi mitinqlərdə  ciddi  bir fərq yoxdur. Mitinq sözünün mənası “görüş” deməkdir. Yəni kütlə, xalq, tərəfdaşlar, həmfikir olduğunuz şəxslərlə görüşürsünüz. Sadəcə olaraq mitinqlərin təşkilatında müəyyən  uğurlu və ya uğursuz məsələlər ola bilər.

 

Lakin bu günkü mitinqləri bir-birindən ayırmaq olmaz. Milli Şura və Müsavat Partiyasının mitinqlərində heç bir fərq yoxdur. Mitinq demokratik bir metoddur və metodun bir fərqliliyi yoxdur. Yəni burada adamlar bir yerə yığılıb, öz siyasi məqsədlərini reallaşdırmaq və hakimiyyətə çatdırmaq  istəyirlər”.

 

S.Cəlaloğlu mitinqlərdə səsləndirilən şüarlardan da söz açıb:

 

“O ki, qaldı mitinqdə şüarların seçilməsinə, bu, mitinq təşkil edənlərin siyasi məqsədlərindən asılıdır. Bəziləri radikal, bəziləri problemin həllinə ictimai diqqətin yetirilməsi istiqamətində şüarlar seçirlər. Bu cür fərqlər ola bilər. Bunlar da mitinq keçirən təşkilatların maraqlarından asılı ola bilər.

 

İnsan anadan olandan ölənə kimi “Azadlıq” deməlidir. Çünki azad olmayan insan bu gün nə düzgün yaşaya bilər, nə də düzgün ölə bilər. Demokratik şəraitdə də “Azadlıq”  demək lazımdır. İnsan öz azadlığını bir an  belə yaddan çıxarsa, həmin andan kor olmağa başlayır”.

 

Müsahibimiz qeyd edib ki, yeni şüarların yaranması  siyasi inkişafdan asılıdır:

 

“Adətən mitinq keçirənlər köhnə şüarların həlli tapılandan sonra yeni şüarlara ehtiyac duyurlar. Gərək ölkədə siyasi inkişaf getsin ki, şüarlar da dəyişilsin. 40 ildir ki, hakimiyyət və mövcud olan problemlər eynidir.  Bu problemlər həll olmayıbsa, yeni şüarlar necə yarana bilər?”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!