Modern.az

REAL meriyadan qurultay yeri istəyir: “İstənilən rayona razıyıq”  

REAL meriyadan qurultay yeri istəyir: “İstənilən rayona razıyıq”   

8 Noyabr 2017, 12:44

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınandan sonra onlar yenidən aidiyyatı quruma  müraciət ediblər.  Müraciətdə qeyd olunub ki, REAL qurultayının noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.

Maraqlıdır, REAL-ın müraciətinə müsbət cavab verilməməsinin səbəbi nədir? REAL ilin sonuna qədər  qurultay keçirə biləcəkmi?

“Azərbaycanın istənilən rayonunda yer versələr, fərq etməz”

Məsələ ilə bağlı  REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a danışıb:

“Əvvəla  onu demək lazımdır ki, qurultayla bağlı  məkan problemi yaşayırıq. Bizə yer verilməlidir ki, qurultayı keçirə bilək. Məclislərdən 400-dən çox qurultay nümayəndələri seçilib, proqram, nizamnamə sənədləri tam hazırdır. Yəni qurultaya bütün hazırlıqlar bitib. Məkan problemi isə bizdən qaynaqlanmır. 400 nəfərlik bir zalı olan istənilən yeri, hətta Bakının kənar kəndlərində, Azərbaycanın istənilən rayonunda belə yer versinlər, fərq etməz, biz qurultayımızı keçirəcəyik. 400 nəfəri bir yerə toplayıb səsvermə  keçirmək, təsis etmək lazımdır. Eyni zamanda məclis, sədr təyin olunmalıdır. Bütün bu seçkili orqanların formalaşması üçün məkana ehtiyacımız var.  Bu, küçədə  həll ediləsi məsələ deyil ki... Əgər qurultay ertələnirsə, bu REAL-a olan münasibətdən irəli gəlir”.

“REAL-a bu cür münasibətin olması anlaşılan deyil”

N.Cəfərli bildirib ki, REAL-dan fərqli olaraq digər siyasi partiyalara münasibət belə deyil:

“Biz nəinki üç məkan təklif etmişik, hətta müraciətimizdə noyabrın bütün şənbə-bazarlarını qeyd etmişik. Hansı gündə, hansı yerdə əlaqədar orqanların imkanları varsa, həmin məkanı versinlər. Biz konkret bir gün də yazmamışıq ki, müraciətimizə mənfi cavab verilsin. Təbii, bu REAL-a olan münasibətdən qaynaqlanır. Yeri gəlmişkən, qeyd etdyimiz məkanların hamısında, əsasən də Suraxanıda yerləşən Mədəniyyət Mərkəzində bütün siyasi müxalifət partiyaları öz qurultaylarını və toplantılarını keçiriblər. Onlara heç bir problem olmadan yer verilib. Sadəcə REAL-a bu cür münasibətin olması anlaşılan deyil”.

“Hökumət nümayəndələri tədbir keçirməyimizi istəmir”

Müsahibimizin sözlərinə görə,  REAL-ın müraciətinə noyabrın ortalarında cavab verilməlidir:

“Biz müraciəti oktyabrın sonunda ünvanlamışıq. Artıq bir həftədən çox vaxt keçib. 15 gün ərzində, noyabrın ortasına qədər cavab verilməlidir. Əgər bu dəfə də müsbət cavab ala bilməsək, yenidən müraciət edəcəyik. Bunu həm də ictimaiyyətə mesaj kimi çatdıracağıq. Yəni REAL-a ögey münasibət var və hökumət nümayəndələri bizim tədbir keçirməyimizi istəmir.  Hətta şəhərin ən yaxşı yerlərindən  birində digər siyasi partiyaların mitinqi üçün yer ayrılır, amma REAL-ın qapalı toplantısı üçün yer vermək istəmirlər. Bunu hər dəfə vurğulayacağıq”.

 

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir