“Şəkərli-diabet xəstələri haqqında proqrama əsasən ayrılan vəsaitin keçən ilki səviyyədə saxlanılması dərman çatışmazlığına səbəb ola bilər”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Rafiq Məmmədhəsənov deyib.
O bildirib ki, bu xəstələrin haqlı narazılığına səbəb ola bilər.
“Azərbaycanda da şəkərli-diabet xəstələri haqqında proqrama əsasən keçən ilki qədər vəsait ayrılıb. Ümumdünya statistikası isə göstərir ki, hər il şəkərli-diabet xəstələrinin sayı 10-15 faiz artır. Ayrılan vəsaitin sabit qalması, xəstələrin sayının artması isə ona səbəb ola bilər ki, yeni qeydiyyata götürülən şəkərli-diabet xəsətlərinə dərman çatmasın. Bu isə həmin xəstələrin haqlı narazılığına səbəb olacaq. Ona görə də bunun nəzərə alınmasını xahiş edirəm”.
R.Məmmədhəsənov qeyd edib ki, yanvar ayından Tibb Universitetinin klinikalarına hökumət tərəfindən ayrılan vəsait dayandırılıb.
“Təsərrüfat hesabına keçirildiyindən bu klinikalara xəstə gəlişi azalıb. Tibb Universitetinin əksər klinik kafedraları, yəni həkimliyi öyrədən kafedralar bu klinikalarda yerləşirlər.
Ona görə də həkimlər tələbələri nəzəri olaraq hazırlamaq məcburiyyətində qalıblar. Sonra da deyiləcək ki, Tibb Universiteti yaxşı həkimlər hazırlaya bilmir. Əgər mümkündürsə, Tibb Universitetinin klinikalarına 1-2 il ərzində vəsait ayrılsın. Bu klinikalar öz işini möhkəmləndirəndən sonra bu vasait kəsilə bilər”.