Demək olar hər gün intihar xəbəri almağa öyrəşmişik. Təəssüf ki, bu hadisə günmüzün gerçəkliyinə çevrilib. Dünən də bu “qanunauyğunluq” pozulmadı. Yenə intihar, yenə özünəqəsd. Qara Qarayev prospektində 22 yaşlı gənc qızın özünü 7-ci mərtəbədən ataraq intihar etməsi günə öz damğasını vurdu. Qızın intiharına səbəb valideynlərinin onu zor gücü ilə evləndirməyə çalışması olub. Bu da sosial şəbəkələrdə güclü etiraza səbəb oldu. Hər nə qədər ölkədə zoraki evlilik hallarının olmadığını düşünsək də, bu, belə deyilmiş. Təəssüf ki, bu gerçəkliyin günahkar subyektləri valideynlərdir.
Psixoloq Orxan Oruc Modern.az-a bildirib ki,yaşlı nəslin təhsi səviyyəsinin aşağı olması, onlrın psixoloji proseslərdən məlumatsızlığı, öz övladlarını başa düşməmələri mənəvi zorakılığa səbəb olur:
“Sözsüz ki, bu hallarda şəxslərin reaksiyası fərqli olur. Bəzi insanlar valideynin sözü ilə oturub-durur, “belə lazımdır” deyir, “evlənərəm, sonra nəsə düşünərəm” söyləyir, kimi də qoşulub qaçmaqla canını qurtarmaq istəyir. Amma təəssüf ki, bir sıra hallarda çıxış yolunu intiharda görənlər də olur”.
Orxan Orucun sözlərinə görə, təxminən 10-15 il bundan əvvələdək ölkəmizdə demək olar hər valideyndə belə bir psixologiya vardı ki, qız 20 yaşında evdə qaldı, pis baxarlar.
“Son dövrlər bu cür düşüncəli valideynlər azalsa da, təəssüflər olsun ki, hələ də qalmaqdadır. Xüsusən valideynlərdə rast gəlinən belə bir düşüncə var: “Qızımı tez evləndirim, yoxsa camaat fikirləşər ki, bu qız yaxşı qız deyil və ya ailə yaxşı deyil”.
Bu cür fikirlər valideynləri səhv addımlar atmağa sövq edir və sonda belə acı nəticələrə gətirib çıxarır. Sözsüz ki, bədbəxt hadisələrin baş verməsi digər valideynlərə bir dərs olur, onlar başa düşürlər ki, övladlarını nəyəsə məcbur etmək, tanımadığı biriylə evləndirmək olmaz. Bədbəxt hadisələrdən xəbər tutan həmin valideynlərdə yenə eyni düşüncələr qalsa da, ən azından övladları üzərində təzyiqləri azalır”.
Psixoloqun sözlərinə görə, belə hadisələrə ən çox kənd və rayon yerlərində rast gəlinir ki, bu da təhsilsizliyin nəticəsidir.
“Eləcə də intihar edən şəxslər də çox vaxt intellekt səviyyəsi aşağı olan gənclərdir. Eyni zamanda onların xüsusi affekt halında və ya gərginlikdə olması bu addımın atılmasına gətirib çıxarır”.
Psixoloq deyir ki, mənəvi zorakılığa məruz qalan şəxs hüquq-mühafizə orqanlarına şikayət edə bilər.
“Ancaq bəzən həmin şəxslər öz hüquqlarından xəbərsiz olurlar, kiminlə əlaqə saxlasınlar, onu bilmirlər və yaxud düşünürlər ki, ailələrini şikayət etməklə özlərinə əlavə problem yaradacaqlar.
Valideynlər artıq başa düşməlidirlər ki, istəmədiyi, tanımadığı bir insanla evləndirməklə övladlarını xoşbəxtliyinə yox, onun bədbəxtliyinə doğru yol açırlar”.
Əbülfəz Kərimov