Modern.az

Media ekspertləri: “Yeni xəbər kanalı indikilərdən peşəkar olmalıdır - CNN, Euronews kimi”  

Media ekspertləri: “Yeni xəbər kanalı indikilərdən peşəkar olmalıdır - CNN, Euronews kimi”  

Aktual

16 Noyabr 2017, 11:06

 Ötən gün Milli Televiziya və Radio Şurası (MTRŞ) xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

Maraqlıdır, Azərbaycanda yeni xəbər kanalının yaradılmasına ehtiyac varmı?

Modern.az  bu sualla bir neçə tanınmış media ekspertinə müraciət edib.

Qulu Məhərrəmli saytımıza açıqlamasında bildirib ki, ölkədə ixtisaslaşmış xəbər kanalının  yaradılması vacibdir:

“Obyektiv, dürüst, qərəzsiz xəbərlər yayan televiziya kanalına ehtiyacımız var. Bilirsiniz, ANS TV peşəkar xəbər kanalı idi. Bu kanaldan sonra Azərbaycan teleməkanında  xəbər boşluğu açıq-aşkar hiss olundu. Bu səbəbdən hesab edirəm ki, xəbər kanalının açılmağı vacibdir. Amma bu, həqiqətən xəbər kanalı olacaqsa...

Məsələn, CNN, Euronews kimi kanal olsa, daha yaxşıdır. İndi televiziya kanallarımızın əksəriyyəti təbliğatla məşğuldur.  Cəmiyyəti məlumatlandırmaq üçün xüsusilə ixtisaslaşmış xəbər kanalı çox vacibdir.  Rusiyada, Türkiyədə və digər ölkələrdə bu tipli kanallar var və cəmiyyətin informasiyaya olan tələbatını ödəyir. Hesab edirəm ki, yeni kanalla bağlı müsabiqənin elan edilməsi gözəl addımdır. Amma  həqiqi mənada xəbər kanalı olsa, daha yaxşı olacaq”.

Zeynal Məmmədli məsələyə fərqli yanaşıb:

“Yeni kanalın yaradılması ilə bağlı müxtəlif təşkilatlardan, sahibkarlardan hər hansı müraciət yoxdursa,  MTRŞ nə əcəb belə təşəbbüslə çıxış edib? Axı bu qurum dəfələrlə bəyanat verirdi ki, Azərbaycan kiçik ölkədir və burada çox kanalın olmasına ehtiyac yoxdur. İndi necə olur ki, çox qısa müddətdə yeni xəbər kanalı ilə bağlı müsabiqə elan edirlər?   Əgər bu, dövlət sifarişi əsasında olsaydı, demək ki, ölkədə insanların televiziyalar vasitəsilə xəbərlənməsi pis durumdadır və ixtisaslaşmış kanala ehtiyac var. Lakin yeni kanalla bağlı nə Milli Məclisdə hər hansı müzakirələr aparılıb, nə də müxtəlif  sahibkarlar, qurumlar fikirlər səsləndirib. İndi necə ola bilər ki, qısa bir zamanda hörmətli bir qurum öz fikrini təkzib edir?”.

Media ekspertinin fikrincə, yeni yaranacaq kanal indikilərdən peşəkar olmalıdır:

“Digər tərəfdən xəbərə olan ümumdünya tələbi  aydındır. Balanslı, doğru, obyektiv, qərəzsiz olmalıdır. İctimai Televiziyanın timsalında gördük ki, bu, edilmir. Hansı sığortamız var ki, bu kanal doğru, dürüst xəbər verəcək? Həmçinin kim maliyyələşdircək bu kanalı? Bilirsiniz, doğru xəbər həm də bahalı xəbərdir. Bu, nəyin hesabına olacaq? Azərbaycanda  da rəsmi milyonçu yoxdur, varsa da açıqlanmır.

Yeni xəbər kanalının açılması əslində məni bir jurnalist kimi sevindirir. Qoy rəqabət olsun, cəmiyyət bilgilənsin, eyni zamanda həmkarlarım üçün iş yeri olsun. Amma bu proses nə dərəcədə şəffaf olacaq?  Arzulayıram ki, bu kanal yaransın. Amma onun doğru, dürüst, dəqiq, peşəkar kanal olmayacağının indidən deyə bilərəm”.

Ələsgər Məmmədli qeyd edib ki,yeni xəbər kanalından daha çox, mövcud kanalların obyektiv xəbər verməsi daha önəmlidir:

“Televiziya kanalının adının  xəbər kanalı olması onun hələ gerçək, düzgün informasiya çatdırması demək deyil. Ölkədə hazırda ümumilikdə digərləri də regional olmaqla 17-dən çox kanal var. Amma  MTRŞ da etiraf edir ki, xəbər yoxdur və kanala ehtiyac var.

Əslində bütün kanallar birmənalı olaraq qanunvericiliyin tələbləri çərçivəsində informasiyada balanslı, qərəzsiz, obyektiv olmalı, hər kəsin hüquqlarına hörmətlə yanaşmalıdır. Debatlar təşkil edilməli, ölkənin ictimai-siyasi həyatı doğru əhatə etməlidir. Bu eynilə də İctimai TV, AzTV-yə  və digər özəl yayımlara aiddir. Bu gün mövcud olan kanalların heç biri  qanunun tələblərinə əməl etmir. MTRŞ da qanunların bu maddələrinə göz yumursa, yeni yaranan kanal da bunlardan biri olacaq.  Azərbaycanda teleradio sektoruna siyasi nəzarəti  geri  planda tutmasaq, 10 dənə də xəbər kanalı təzədən yaranacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı