Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə 2017-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə milli məclis üzvləri, dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin və beyin mərkəzlərinin nümayəndələri iştirak edib. Konfrans iştirakçıları Azərbaycanda qadın sahibkarlığının inkişafının qarşısında duran maneələri dəf etmək yolları haqqında müzakirələr apardılar, habelə qadınların iqtisadi diversifikasiyada oynaya biləcəyi rolu xüsusilə vurğulayıblar.
USAID-in Azərbaycandakı missiya rəhbəri Mikaela Meredis qeyd edib ki, sahibkarlığa dəstək ABŞ hökumətinin başlıca prioritetidir.
"Sahibkarlıq iş yerləri yaradır, habelə sabitlik və firavanlığa töhfə göstərir.”
O həmçinin bildirib ki, qadınlar öz bizneslərini yarada, inkişaf etdirə və idarə edə bildikdə güclü iqtisadi rol oynayırlar.
"Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olan ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyiş bilərlər, yetər ki, onlara bunun üçün resurslar verilsin”. Missiya rəhbəri sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları müsbət qeyd edib.
BMT-nin rezident əlaqələndiricisi və UNDP-nin rezident nümayəndəsi Qulam İsaqzai qeyd edib:
“2030-cu ilə kimi Davamlı İnkişaf Gündəliyi qadın sahibkarlığının genişlənməsini yoxsulluq probleminin həlli, bərabərsizliyin aradan qaldırılması, qlobal universal təhsil istiqamətində irəliləyiş və hər kəsə keyfiyyətli səhiyyə imkanlarını təmin etmək üçün vacib katalizator kimi nəzərdən keçirir. Qadın sahibkarlığını gücləndirmək üçün BMT sistemi, aidiyyatı dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakcıların davamlı dəstəyinə ehtiyacımız var. Fəxr edirik ki, UNDP-in Azərbaycan nümayəndəliyi olaraq, resurslarımızın əhəmiyyətli qismini qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəal və faydalı fəaliyyətini gücləndirmək üçün daha yaxşı siyasətləri təbliğ etmək üçün sərf edirik.”
2008-ci ildə başlamış Qlobal Sahibkarlıq Həftəsi ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. 13-19 noyabr tarixlərində bütün dünyada milyonlarla insan yeni nəsl sahibkarları ruhlandıracaq, birləşdirəcək və cəlb edəcək müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək.