Azərbaycan bu gün Avropanın böyük və etibarlı enerji tərəfdaşlarından biridir. Bu haqda dəfələrlə rəsmi səviyyədə müxtəlif şəxslər tərəfindən bəyanatlar verilib. Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycan bununla da dünyada öz mövqeyini yüksəltməyə nail olub. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifələrdən biri isə sözsüz ki, XXI əsrin layihəsi adlandırılan, Avrasiyanın enerji xəritəsinin zənginləşməsində strateji rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsidir.
DOSYE: “Cənub Qaz Dəhlizi” ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Layihə çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. TANAP “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə “Cənub Qaz Dəhlizi” kimi tanınır.
2011-ci ildə prezident İlham Əliyev ilə Avropa Komissiyasının sədri Manuel Barrozu arasında Bakıda “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamə imzalanıb. 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilib.
MALİYYƏSİ: Dünyanın aparıcı maliyyə qurumları bu nəhəng layihəyə maliyyə dəstəyini getdikcə gücləndirirlər. Bir müddət bundan əvvəl TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Dünya Bankı tərəfindən TANAP layihəsinin tikintisi üçün “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən TANAP layihəsinin tikintisi üçün 600 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlasdırılmış kredit üzrə zəmanətin verilməsinə qərar verilib.
CƏNUB QAZ DƏHLİZİ – MÜRƏKKƏB HƏDƏFLƏRİ OLAN LAYİHƏ
Ekspertlər bəyan edirlər ki, “Cənub Qaz Dəhlizi” - dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Çünki, layihə çox sayda müxtəlif maraqlı tərəfləri - o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Layihə Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qazın etibarlı və dayanıqlı təchizatını təmin edəcək. O cümlədən, ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.
Bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III nazirlər görüşü keçirilib. Görüşün sonunda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidentinin imzaladığı Birgə Bəyannamənin mətni yayılıb. Görüş iştirakçıları “Cənub Qaz Dəhlizi” istiqaməti üzrə yerləşən ölkələrlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bəyan ediblər.
Görüşdə çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub: “Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. Biz "Cənub Qaz Dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”.
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini qeyd edib ki, bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir.
Ümumiyyətlə, hazırda Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatına sərmayə qoyan ən iri investorlardandır, Aİ tərəfindən ölkəyə qoyulan birbaşa investisiyaların həcmi 7 milyard avroya çatıb. Və açıq-aydın görünür ki, ikitərəfli münasibətlər aparıcı rol energetikaya aiddir.
AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov qeyd edir ki, bu layihənin həyata keçirilməsi Avropanın Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək: “Eyni zamanda, bu layihə Avropanın Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq. Bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək”.
AVROPAYA QAZ TƏDARÜKÜ ÜÇÜN YENİ MƏNBƏ
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə gəlincə, burda uduzan tərəf olmayacaq. Xarici mütəxəssislər də bu fikirdədir. ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən xanım Syu Saarnionun deyib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək: “Avropa İttifaqının bir çox üzvü qəbul edir ki, təbii qaz tədarükü üzrə bir mənbədən asılılıqları onları ciddi siyasi və iqtisadi risklərlə üz-üzə qoyur. Ona görə də onlar mənbələrin və tədarük marşrutllarının diversifikasiyası yolu ilə bu asılılığın azaldılması üçün tədbirlər görməlidir. Aİ-də maye qaz terminalının, eləcə də yenidən qazlaşdırma və qazın saxlanılması üçün üzən qurğuların inşasına baxmayaraq, “Cənub Qaz Dəhlizi” Avropaya qaz tədarükü üçün yeni mənbə və marşrutları təmin edəcək yeganə iri boru kəməridir”.
Xüsusi elçi deyib ki, ABŞ hakimiyyəti ilk günlərdən “Cənub Qaz Dəhlizi”ni qətiyyətlə dəstəkləyib: “2017-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına Azərbaycan neftinin iki milyardıncı tonu tədarük olunub. “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Ceyhan bizim diqqəti ümumi məqsədlərə cəmləyərək birlikdə nəyə nail olduğumuza aydın nümunədir. “Cənub Qaz Dəhlizi”nin “Şahdəniz 2”-dən qaz tədarükü üzrə birinci mərhələsi yalnız başlanğıcdır. "Cənub Qaz Dəhlizi" regionda pozitiv əməkdaşlıq üçün əsas olmaqla yanaşı, Avropanın uzunmüddətli enerji təhlükəsizliyini təmin edə bilər".
İŞLƏR QRAFİKƏ UYĞUN GEDİR
"Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentlərində işlər planlaşdırılan qrafikə uyğun və müvəffəqiyyətlə həyata keçirilir". Bu haqda bu günlərdə açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Avropanın enerji təhlükəsizliyi baxımdan strateji əhəmiyyət daşıyan bu layihə Avropa İttifaqı tərəfdən ümumi maraqlara xidmət göstərən layihələrdən biri olaraq qəbul edilib: “Bu da öz növbəsində “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı nəzdində strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu gün Avropa bazarında təbii qaza tələbat sürətlə artmaqdadır, hasilat isə azalmaqdadır. Deməli, Avropa İttifaqının yeni və alternativ mənbələrə ehtiyacı var. TANAP layihəsi üzrə ilkin ixrac həcmimiz 16 milyard kubmetr olsa da, gələcəkdə bu göstərici Abşeron, Ümid, AÇG yataqlarının sərbəst qaz, Qarabağ kimi yeni yataqlarımız, Babək, Zəfər, Məşəl və Şəfəq-Asiman və sair kimi perspektivli strukturlar hesabına artırıla bilər. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər”.
Rəsmi səviyyədə açıqlanan məlumatlara görə, "Şahdəniz 2" layihəsində nəzərdə tutulan işlərin 95%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 96%-i, TANAP layihəsində "Faza 0" adlandırılan və Əskişəhərə qədər nəzərdə tutulan işlərin 93%-i, TAP boru kəməri üzrə 58%-i başa çatıb. TANAP layihəsinin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Bu gün nüfuzlu dövlət adamları, tanınmış ekspertlər dönə-dönə vurğulayırlar ki, layihə bütövlükdə Avropanın enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayacaq İndikindən 3 dəfə daha artıq həcmdə qazın Avropaya nəql edilməsi qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişəcək. “Cənub Qaz Dəhlizi” Avrasiya məkanında müxtəlif ölkələrin iqtisadiyyatını birləşdirməklə yanaşı, onların iqtisadi və sosial vəziyyətinin inkişafına, həm də bölgənin siyasi sabitliyinə də öz töhfəsini verəcək.
Fərəh Sabirqızı
Yazı Şərq Tərəfdaşlığı Forumunun növbəti toplantısı ərəfəsində Open Media Hub təşkilatının dəstəyilə hazırlanıb.