Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapıb. Bu barədə Modern.az-a danışan xanım jurnalist Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayacağını bildirib:
“Məsələ ilə bağlı hələ ki, rəsmilərdən heç kim maraqlanmayıb. Rais bəylə danışacağıq. Azərbaycan Kültür Dərnəyi olaraq, bu günlərdə yenidən məzarlığa gedəcəyik. Hazırda əlavə detallar öyrənməyə çalışıram”.
K.Şamilqızı Cümhuriyyətlə bağlı hər şey etməyə hazır olduğunu deyib:
“Leyla xanım həmişə mənə maraqlı olub, diqqətimi çəkib. Çünki onun həyatı böyük fədakarlıq nümunəsidir. Təbii ki, Rəsulzadənin xanımı, sirdaşı olması onu tanımağımızda ən mühüm faktordur. Doğrusu, bu, mənim sahəm deyil, ümumiyyətlə, araşdırmaçı olmaq iddiam yoxdur. Adımın nədəsə çəkilməsinə də ehtiyac duymuram. Amma Cümhuriyyətlə bağlı olan hər şeyi etməyə hazıram, kömək istəyən hamıya əlimdən gələni edərəm. Yetər ki, o dövrün qiyməti verilsin. Azərbaycanın ondan şərəfli dövrü olmayıb. Amma mən Cümhuriyyət üçün, Rəsulzadə üçün imkanlarımın yetdiyi hər işi görmək istəyənlərin yardımçısı, sürücüsü, bələdçisi, vasitəçisi olmağa hazıram”.
Xanım jurnalist Türkiyədəki fəaliyyəti barədə də məlumat verib:
“Hazırda Türkiyədə radio xəbərləri bölməsində redaktor olaraq çalışıram. Eyni zamanda, Krımın işğalından başlayan prosesi izləyirəm. Yaxın vaxtlarda Krımın işğalı ilə bağlı kitabım işıq üzü görəcək. Eyni zamanda, Azərbaycan Kültür Dərnəyi və Krım Dərnəyinin fəaliyyətində yaxından iştirak edirəm”.