Modern.az

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR  

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR   

24 Noyabr 2017, 14:37

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor Həsən Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi, rektorlar, millət vəkilləri, Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, şair və yazıçılar, ziyallılar, incəsənət xadimləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdən öncə yubiley iştirakçıları professor Həsən Mirzəyevin əsərlərindən ibarət sərgi ilə tanış olublar.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, H.Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. H.Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə ADPİ-də “Azərbaycan dilçiliyi” ixtisası üzrə aspiranturada təhsil alıb. Aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.


Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda mütəmadi olaraq bədii yaradıcılıqla məşğul olurdu. H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. H.Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. H. Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.



Rektor Cəfər Cəfərov qeyd edib ki, bu günlərdə YAP-ın yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə dövlət başçımız cənab İlham Əliyev partiyanın keçdiyi böyük və şərəfli inkişaf yoluna nəzər salıb, partiyanın fəaliyyətini, o cümlədən 91-lərin fəaliyyətini yüksək qiymətləndirib. H.Mirzəyev ulu öndər Heydər Əliyevin sədaqətli silahdaşlarından biri olaraq YAP-ın yaradılmasında və təşkilatmasında mühüm xidmətlər göstərib. Qədirbilən xalqımız böyük və işıqlı insan olan H.Mirzəyevin xatirəsini həmişə əziz tutacaq.


Tədbirdə professor H.Mirzəyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.


Tədbirin aparıcısı, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor H.Mirzəyevi Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətlər göstərən alim, vətənpərvər və görkəmli ziyalı kimi səciyyələndirib.


Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, YAP-ın Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, millət vəkili Aydın Mirzəzadə çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər. 


Çıxışlarda H.Mirzəyevin vətənpərvər, həqiqətsevər, sözündə, məsləkində dönməz, cəsarətli, prinsipial, mübariz, çevik, dinamik, dövlətə və dövlətçiliyə sadiq vətəndaş, dərin elmi biliyə, yüksək intellekt səviyyəsinə malik alim olduğu xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov H.Mirzəyevin şeirlərini söyləyib, aşıqlar onun sözlərinə yazılmış mahnıları, Filologiya fakültəsinin 301-ci qrup tələbəsi Nübar Qafarova və Vəfa Abışova isə Aşıq Mehdi ilə Həsən Mirzənin deyişməsini ifa ediblər. Riyaziyyat və informatika fakültəsinin 304-cü qrup tələbəsi Flora Kərimli şair Pərvanə Zəngəzurlunun H.Mirzəyevə həsr etdiyi “Ay Həsən Mirzə” şeirini, Filologiya fakültəsinin 303-cü qrup tələbəsi Suday Qasımova isə Mahirə Nağıqızının H.Mirzəyevə həsr etdiyi şeiri söyləyiblər.


Sonda H.Mirzəyevin oğlu Müşfiq Mirzəyev çıxış edərək tədbirin yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada