2018-ci ilin dövlət büdcəsi layihəsində xərclərin 2.96 milyard manat artmasına baxmayaraq Prezidentin Ehtiyat Fondunun həcmi keçən ilki səviyyədə saxlanılıb.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir:
“Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Ehtiyat Fondunun vəsaitləri ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlar ölkənin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır”.
T.Mirkişilinin sözlərinə görə, son 5 ildə Prezidentin Ehtiyat Fondunun dövlət büdcəsi xərclərində xüsusi çəkisini təhlil edərək belə nəticəyə gəlmək olur ki, 2018-ci ildə bu xüsusi çəki 0.95% olmaqla nəzərdə tutulan normadan 2 dəfə az, son 5 ildə isə ən az olacaq.