Modern.az

Böyük zəhmətin, gərgin axtarışların sevindirici nəticələrini görəndə

Böyük zəhmətin, gərgin axtarışların sevindirici nəticələrini görəndə

27 Noyabr 2017, 13:14

 

Professor Buludxan Xəlilovun elmi yaradıcılığında Azərbaycan dilçiliyinin bütün sahələrinin tədqiqi başlıca yer tutur. O, fəaliyyəti dövründə Azərbayan  dilinin müxtəlif  problemlərinin öyrənilməsi sahəsində yorulmadan çalışır.


Kollektivlik ruhuna böyük hörmətlə  yanaşmaq, bu dəyərli mənəvi sərvətə yiyələnməyin fəal təşəbbüskarı olmaq, həmişə  yenilikçi adı ilə tanınmağa çalışmaq professor Buludxan Xəlilovun müsbət mənəvi keyfiyyətləridir.


Onu həm də elmin, təhsilin fədakar, bacarıqlı təşkilatçısı adlandırmaq mümkündür. Dilçilik elminin  bütün sahələrini və şöbələrini  yüksək  elmi-metodik səviyyəli məqalələri, dərslikləri, monoqrafiyaları ilə zənginləşdirməsi, müasir tələblərə uyğun mühazirə, seminar məşğələləri aparması, pedaqoji, elmi-pedaqoji kadrların hazırlanmasında, yetişməsində diqqəti cəlb edən xidmətlər göstərməsi, xeyli müddətdən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Filologiya fakültəsinin kollektivinə uğurla rəhbərlik etməsi  professor Buludxan Xəlilov haqqında xoş, müsbət sözlər söyləməyə əsas verir. O, öz məqsədyönlu elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə professor-müəllim, eləcə də tələbə kollektivinin dərin hörmətini  qazana bilmişdir. Elmilik, fikir aydınlığı, nəzəri ümumiləşdirmə, güclü məntiqi ardıcıllığın, müasirlik ruhunun gözlənilməsi, elmi müddəalara söykənilməsi onun əsərlərinin, yaradıcılıq üslubunun başlıca fərqləndirici xüsusiyyətləridir.


Buludxan Xəlilovun yaradıcılığı özündə elmlə şəxsiyyətin harmoniyasını əks etdirir. O, elmi-pedaqoji  fəaliyyəti yetərincə dəyərləndirilən dilçi alimlər sırasın­dadır.


Böyük mütəfəkkirlərin, dahilərin yaradıcı şəxsiyyətlərin  yüksəl­mə­lər­in­də, formalaşmalarında düşüncənin, ağlın  əvəzsiz və ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur. Elə buna görə də ağıl haqqında hər bir insan üçün  olduqca dəyərli olan fikirlər söylənilmişdir:


“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini  əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini  sübut edən açıq) dəlillər vardır.

Qurani-Kərim


İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.

   Həzrəti  Məhəmməd


İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

  Nizami Gəncəvi


Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.

    Azərbaycan atalar sözü


Sahibi ağıllı olan ev tez abad olar.

Məhəmmədhüseyn  Şəhriyar


Ağıl sonradan ah çəkmək üçün deyil,

Əvvəlcədən düşünüb tədbir görmək üçündür.

Cəlaləddin Rumi


Məncə, düşünməkçün yaranır o baş,

Ağıldır insana ən böyük  sirdaş.

Səməd Vurğun


Buludxan Xəlilov öz həyatında ağıl hissin yox, hiss ağlın qulu  olmalıdır prinsipinə-həqiqətinə  həmişə əməl etdiyi, ağıla qarşı çıxan yeganə qüvvənin hiss  olduğunu bildiyi, başqalarının müdrikliyindən, təcrübəsindən öyrəndiyi, hətta özü haqqında dedi-qodulardan  da bəhrələnməyi bacardığı  üçün elmi və pedaqoji fəaliyyətində uğurlar qazanmışdır. O, düşünən və düşündürən ziyalıdır, xalqın böyüdüb yetişdirdiyi, boya-başa çatdırdığı, qeyrətli, vətənpərvər, milli kökünə, milli ruhuna qırılmaz tellərlə bağlı övladlarındandır. Buludxan müəllim  həmişə yeni elmi fikirlər söyləməyə can atan dilçi alimdir. Əsl alimə,  müəllimə və ziyalıya məxsus müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli  daşıyıcısıdır.


Buludxan Xəlilov elmi yaradıcılığı çoxşaxəli olan dilçilərdəndir. O, həmişə axtarışlar aparan, ehkamlara düşmən münasibəti  bəsləyən, yeniliyin carçısı kimi tanınan, elmi yaradıcılıqdan ilham alan, gənclik ehtirası ilə yazıb  yaradan ziyalı dilçidir. Onun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyi fikrin maddi dil cildinə salınması qaydaları haqqında təlimə aid tutarlı bir kitabdır. Bu əsər professor Buludxan Xəlilovun elmi, həm də pedaqoji fəaliyyətini dolğun şəkildə əks etdirən orijinal yaradıcılıq nümunəsidir. O, dilimizin sintaktik quruluşunun  linqvistik incəlikləri  üzərində axtarışlar aparan, bu təfəkkür gerçəkliyini əks etdirən dil materialını yorulmadan araşdıran onun milli özünəməxsusluğundan estetik zövq alan, dilimizin sintaktik quruluşunda möhkəm qanunauyğunluqlar  olduğunu əsaslandıran dilçidir.



Professor Buludxan Xəlilov  sözlərin söz birləşməsi və cümlə şəklində əlaqələnməsi qayda-qanunlarının öyrənilməsinin yollarını, üsul və vasitələrini, onların bir-birinin varlığını   təmin etməsini, insanların qədim dövrlərdə bəsit, sadə qrammatik vasitələrdən istifadə etmələri, qrammatik vasitələrin yaranmasına, inkişafına qədər dilin özəyini yaradan, bütün qrammatik kateqoriyaların, vasitələrin formalaşmasında həlledici funksiyasını  yerinə yetirən lüğət tərkibinin sadə, bəsit və kasad olması ilə bağlaması, lüğət tərkibinin zənginləşməsinin qrammatik  kateqoriyaların, qrammatik vahidlərin təkmilləşməsinə səbəb olması ilə güclü məntiqə, dilçiliyin nəzəri ümumiləşdirmələrlə dolğun  müddəalarına söykənən fikirlər söyləməsi  dəyərləndirilməlidir. Müəllifin dilin lüğət tərkibinin zənginliyinin qrammatik vahidlərin, kateqoriyaların dolğunlaşmasında rolu barədə söylədiyi fikir və mülahizələri çox ağlabatandır. Müəllifin qrammatik  vasitələrin təkmilləşməsinin, ilk dövrlərdə onların – səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəmdə,  zildə  tələffüz olunması hallarından istifadə olunmasının tədricən lüğət tərkibinin zənginləşməsi prosesi ilə bağlanılması  barədə düşüncələrini elmi yenilik kimi  dəyərləndirə bilərik. Çünki, Azərbaycan dilinin sintaktik quruluşuna  həsr olunmuş heç bir məqalə, dərslik, dərs vəsaiti və monoqrafiyalarda sadaladığımız məsələlərdən  danışılmamış, onlara elmi münasibət bildirilməmişdir. Burada həm də dil vahidlərinin sistem xarakteri daşımasının mahiyyəti açılır, aydınlaşır.  Belə ki, prof. Buludxan Xəlilovun səslərin, hecaların, sözlərin, söz birləşmələrinin cümlələrin lüğət tərkibinin zənginləşməsinə xidmət etməsi  haqqında söylədikləri onun “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyində  verilmiş ilk elmi həqiqətlərdir. Elmi ictimaiyyət bunu dəyərləndirməlidir. Deyilənlər dərslik müəllifinin geniş  linqvistik  erudisiyasının parlaq göstəricisi adlandırılmalıdır. Professor  Buludxan Xəlilov “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyində ilk dəfə dilçi filoloqlarda belə bir aydın təsəvvür formalaşdırır ki, dilin digər laylarında, təbəqələrində təkmilləşmə, zənginləşmə prosesi birbaşa lüğət tərkibinin  vəziyyətindən, durumundan asılıdır. Həm də qrammatik quruluşda, vasitələrdə təkmilləşmə, zənginləşmə və inkişaf prosesi birdən-birə yox, tədricən, zaman keçdikcə baş  verir. O, qrammatik quruluşun ilk təşəkkul, formalaşma dövrlərində sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından (məsələn: yaşıl yarpaq, şirin çörək, dəmir qapı və s.) istifadə edildiyini, daha sonralar əlaqə üsullarının get-gedə təkmilləşdiyini, qoşulma (məsələn: sən kimi, dəmir tək və s.), uzlaşma (məsələn: sən igidsən, sən qəhrəmansan və s.) idarə (məsələn: qapını bağla, kitabı oxu və s.) əlaqələrinin meydana çıxdığını göstərir və belə bir linqvistik qanunauyğunluğu aşkara çıxarır: “Deməli, lüğət  tərkibi zənginləşdikcə sözlər  arasındakı  qrammatik  əlaqələnmə üsulları” da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif və rəngarəng olan söz birləşmələri və cümlələr formalaşmışdır”. (s.4)


Azərbaycan dilinin  sintaksisinə aid yazılmış  heç bir dərslik, dərs vəsaiti və monoqrafiyada qrammatik vahidlərin, vasitələrin, yaranıb formalaşmasının, inkişafının dilin lüğət tərkibinin hansı səviyyədə, durumda olması ilə bağlılığı məsələsinə toxunulmamışdır.


İlk dəfə prof. Buludxan Xəlilovun  “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyində insanların qədim dövrlərdə, yəni çox uzaq keçmişlərdə bəsit, sadə, qrammatik  vasitələrdən istifadə etmələrinin səbəbi o zaman dilin lüğət tərkibinin sadə, bəsit, kasad olması ilə əlaqələndirilir. Dilin lüğət tərkibi  zənginləşdikcə qrammatik vasitələrdə də təkmilləşmə, oyanma, canlanma prosesinin baş verməsi barədə oxuculara çatdırılan məlumat dərslikdə diqqətçəkən ən mühüm yenilikdir.


Qrammatik vasitələrin zaman keçdikcə inkişaf  etməsi, təkmilləşməsi və zənginləşməsi, ilk dövrlərdə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarının işlədilməsi, daha sonralar sintaktik əlaqə üsullarının təkmilləşməsi, qoşulma, uzlaşma və idarə əlaqələrinin meydana çıxması, qrammatik  əlaqələrin zənginləşməsi nəticəsində dildə  müxtəlif  və rəngarəng söz birləşmələri və cümlələrin formalaşması ilə bağlı irəli sürülən fikirlər də dərslikdəki yeniliklər sırasına daxildir.


İlk dəfə prof.Buludxan Xəlilovun bu dərsliyində əski dövrlərdə bəsit qrammatik vasitə kimi səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəzən bəmdə, bəzən zildə tələffüz edilməsi hallarından istifadə olunması haqqında məlumat verilir. Sintaksisə aid nəşr edilmiş heç bir dərslikdə bu məsələyə toxunulmamışdır.

 
 Professor  Buludxan Xəlilov “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyi (Bakı-2017, 428 səh.) yeniliklərlə zəngin, geniş məzmunlu, dolğun və yüksək elmi- metodik səviyyəsi olan yaradıcılıq məhsuludur.


Dərsliyin başlanğıcından, ilk səhifələrindən yeniliyə meyilin güclü olduğunu hiss edirsən. Burada müəllifin Müasir Azərbaycan dili fənninin bəzi incəliklərini açması sahə, şöbə anlayışları ilə yanaşı, bizdə fənn anlayışı ilə bağlı dolğun və aydın təsəvvür formalaşdırması müsbət dəyərləndirilməlidir. Dilçi alimin yazdıqlarından bir sıra anlayışlar arasında üzvi əlaqənin olduğu üzə çıxır. Müəllif fənlərin yaranma, formalaşma mənbələrinin elmlər olduğunu unutmadığı üçün müxtəlif elmlərin sahələrindən, şöbələrindən danışıldığı kimi, onlara aid fənlərdən, fənlərlə bağlı dərsliklərdən də söhbət açmağı məqsədəuyğun saymışdır. Bu da prof.B.Xəlilovun dərsliyində əvvəllər nəşr edilmiş dərsliklərdə rast gəlmədiyimiz yenilikdir.


Müasir Azərbaycan dili fənni və Müasir Azərbaycan dilçiliyi terminləri müəyyən mənada sinonim sayıla bilər. Eləcə də Azərbaycan dili fənni, həmçinin Azərbaycan dilçiliyi terminlərinə də belə yanaşıla bilər. Deməli, həmin terminlər arasında məna bağlılığı onları linqvistik ekvivalentlər adlandırmağa imkan verir. Elə buna görə də Müasir Azərbaycan dilinin, yaxud Azərbaycan dili fənninin fonetika, leksikologiya, semasiologiya, frazeologiya, derivatologiya, qrammatika şöbələri təbii səslənir. Morfologiya və sintaksis  bölmələri qrammatika şöbəsinin bölmələri sayılsa da, artıq onların morfologiya, sintaksis şöbələri adlandırılması da, etiraz doğurmur.


Prof.Buludxan Xəlilovun “Sintaksisə giriş” başlığından əvvəl dərslik haqqında yazdığı yığcam, lakin məzmunca dolğun məlumat əvvəl yazılmış sintaksisə dair dərsliklərdə verilən məlumatlardan aydınlığı, dilçilik terminlərinə düzgün mövqedən yanaşılması, elmilik prinsipinin gözlənilməsi baxımından fərqlənir. Burada həm də yazılı nitq mədəniyyətinin tələblərinə də əməl edilmişdir.


Əlövsət Abdullayevin, Yusif Seyidovun, Ağamalı Həsənovun “Müasir Azərbaycan dili. IV hissə, Sintaksis, Bakı , “Şərq-Qərb”, 2007 (424 səh.)”  dərsliyində yazılmışdır: “Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş müasir Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir”. (s. 4).


Bizcə, müasir Azərbaycan dili kursu terminindən  Buludxan  Xəlilovun Müasir Azərbaycan dili fənni (s.2) terminini işlətməsi daha düzgün və məqsədə­uy­ğun­dur. Həm də Azərbaycan dilinin sintaksisinə dair yazılmış dərslikdə Azərbaycan dili terminindən əvvəl “müasir” deyil, “Müasir (böyük hərflə)” yazılmalıydı. Buludxan  Xəlilov isə düzgün olaraq Müasir Azərbaycan dili fənni terminini işlətmişdir. “Müasir Azərbaycan dili. IV hissə -Sintaksis” kitabında ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün söz birləşməsini işlətməyə ehtiyac yox idi. Çünki dərsliyin adı onun kimlər üçün nəzərdə tutulduğunu müəyyən edir. Həm də filologiya fakültələri deyil, filologiya fakültəsi yazılmalıydı. Termin düzgün işlədilməmiş, nitq mədəniyyətinin tələbinə əməl edilməmişdir. Belə ki, “Müasir Azərbaycan dili kursunun sintaksisi bölməsi” yox, “Müasir Azərbaycan dili fənninin sintaksis bölməsi” olmalıydı.


Professor Buludxan Xəlilovun dərsliyində isə dilimizin qrammatik qayda-qanunları, yazılı nitq mədəniyyətinin tələbləri gözlənilmişdir. Dərsliyin başlanğıc hissəsində dərsliyin əhatə etdiyi sintaktik məsələlərin ardıcıl düzülüşü, kitabda hansı məsələlərdən danışılacağı haqqında məlumatlar bunun parlaq göstəriciləridir.


Kitabda sintaksisə giriş, sintaktik əlaqələr haqqında, söz birləşmələri, feili birləşmələr, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik, əlavələr, xüsusiləşmələr, cüttərkibli və təktərkibli cümlələr, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr, mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq cümləsi, təyin budaq cümləsi, zərflik budaq cümləsi, qarışıq tipli mürəkkəb cümlələr, müasir Azərbaycan ədəbi dilində cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik butöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri məsələrinin sistemli tədqiqi və təhlili verilmiş, hər bir ümumi mövzuya aid istifadə edilmiş ədəbiyyatın siyahısı göstərilmişdir.


Buludxan Xəlilovun bu dərsliyinin yüksək elmi səviyyəsi olduğuna görə onun daha uzunömurlu olacağına şübhə yoxdur. Dərsliyin  bir neçə dəfə çap ediləcəyinə inanırıq.


Sintaksisə aid yazılmış başqa dərslik və monoqrafiyalardan fərqli olaraq prof.Buludxan Xəlilov dərsliyin hər bir hissəsinin sonunda ədəbiyyat siyahısı və həmin ədəbiyyatlardan istifadə edilmiş səhifələri vermişdir. Azərbaycan dilinin sintaksisinə dair yazılmış başqa dərsliklərdə və monoqrafiyalarda bunu görmürük. Buna ardıcıl əməl edilməsi, eləcə də göstərilən ardıcıllığın sistem xarakteri daşıması dərsliyin mükəmməlliyini və elmi-metodik tələblərin tam şəkildə gözlənildiyini göstərir.


Prof.Buludxan Xəlilovun  “Müasir Azərbaycan dili. Sintaksis” (Bakı, “Adiloğlu” 2017, 428 səh.) dərsliyi elmi, elmi-metodiki tələblərin layiqincə ödənildiyi əsərdir. “Giriş”də sintaksislə bağlı xarakterik xüsusiyyətlər, qrammatikanın bu bölməsini bildirən adın yunan mənşəli “syntaxis” sözündən yarandığı, “qurulma, tərtibat, birləşmə” mənalarını ifadə etdiyi, bir sıra dilçilik terminləri ilə terminoloji məna baxımından oxşarlığı, yəni dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işləndiyi diqqətə yönəldilmişdir.


Müəllifin fikrincə, sərbəst söz birləşmələrinin, eləcə də cümlələrin quruluşu sintaksis sözünun dilin sintaktik quruluşu mənasını ifadə etdiyini, son dövrlərdə mətnin də dilçiliyin  tədqiqat obyektinə, predmetinə çevrilməsi, onun sintaksisdə öyrənilməsi  sintaktik quruluşun əhatə dairəsini genişləndirmiş, mətnin quruluşu da sintaktik quruluşun tərkibinə daxil edilmişdir. Kitabda dilin sintaktik quruluşunun butöv bir sistem olduğu, sintaktik quruluşun da makro və mikro bölmələrə ayrılması, sintaktik quruluşun sərbəst söz birləşmələrinin və cümlələrin quruluşu ilə dar çərçivədə dərk edilmədiyi, sintaktik-semantik cəhətdən  birləşən cümlələrin birliyinin də dilin sintaktik quruluşunun  ayrılmaz bir hissəsi sayıldığı göstərilir.


Prof.Buludxan Xəlilovun sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyini-mətni makro və mikro mətnlər olmaqla iki qrupa ayırmasında da müəyyən həqiqət vardır.


Buludxan Xəlilovun canlı  faktlara söykənərək və onlar üzərində nəzəri ümumiləşdirmələr apararaq qrammatikanın sintaksis bölməsində  sözlərin sərbəst söz birləşməsi, cümlə şəklində, mətnlərin isə cümlə formasında  bir-biri ilə əlaqələnməsi, bağlanması  qayda-qanunları haqqında  linqvistik  təlimdir – fikrini söyləməsi elmi həqiqətin danılmazlığını  təsdiqləməsidir.


Prof. Buludxan  Xəlilov dərslikdə əksini tapmış məsələlərin bir-birini tamamlamasını, onlar arasındakı üzvü bağlılığı, həmin anlayışların sistem təşkil etməsini unutmadığı, bu məsələlərə dilçi həssaslığı ilə yanaşdığı üçün düzgün  elmi-nəzəri müddəalar irəli sürməyi bacarmış, çoxlu konkret faktlara söykənərək, elmi-nəzəri tələblərə yetrincə cavab verə bilən ümumiləşdirmələr  apara bilmişdir.


Dərslikdəki “Sintaktik əlaqələr” başlığına sözlər arasında məna əlaqələri: subyekt əlaqəsi, obyekt  əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə daxildir. Söz birləşmələrində və cümlədə  sözlərin bir-biri ilə iki cəhətdən bağlılığından, əlaqəsindən danışan müəllif məna (semantik), qrammatik, morfoloji  və sintaktik əlaqələrin hər birini geniş  şəkildə şərh etmiş, məna əlaqəsi dedikdə, obyektiv aləmdəki varlıqlarla  onların müxtəlif xarakterik xüsusiyyətləri arasındakı əlaqənin nəzərdə tutulduğunu  demiş, əşya ilə onun hərəkətinə (at qaçır), əşya ilə onun keyfiyyətinə (yaxşı at), əşya ilə onun kəmiyyətinə (beş at) aid söz birləşmələrini nümunə vermişdir.


Ancaq dilimizin sintaktik quruluşuna  həsr olunmuş bu axırıncı (axarıncı) dərsliyin müəllifi prof.Buludxan Xəlilov söylənilmiş məlum sintaktik məsələlərə  orijinal  mövqedən  fərqli şəkildə yanaşmağı bacarmışdır. O, dərslikdə normativliyə əməl edilməsinin vacibliyini nəzərə alıb sintaktik anlayışları yazılı nitqdə  sadə, aydın və konkret şəkildə gerçəkləşdirməyə üstünlük vermişdir. Buna görə də normativlik prinsipinin ciddi şəkildə gözlənilməsi baxımından da prof. Buludxan  Xəlilovun kitabı sintaksisə aid yazılmış başqa dərsliklərdən  fərqlənir. Mürəkkəb məzmunlu məsələlərin  suallar doğurmasına, mübahisələr yaratmasına yol verməmək üçün onları sadə, aydın və anlaşıqlı şəkildə  ali məktəb tələbələrinə çatdırmaq  elmi-metodik və  pedaqoji  tələblərə uyğun iş aparmaq ən  önəmli, düzgün  və aparıcı elmi, pedaqoji üsuldur. Dərslikdə bu tələblərə də yetərincə əməl edilmişdir.


Prof.Buludxan Xəlilovun bu  dərsliyinin müsbət   cəhətlərindən biri də budur ki, burada sintaksisə aid başqa dərsliklərdəki yayğınlıq, ardıcıllığın gözlənilməməsi, sistemsizlik, mübahisə törədən cəhətlət yoxdur.


Dərsliyin “Sintaktik əlaqələr haqqında” başlığına aid hissədə verilən  məlumatlarda nitq mədəniyyətinin tələblərinə yetərincə əməl edilməsini görürük. Müəllif  söz  birləşməsində və cümlədəki sözlərin iki cəhətdən bağlı, əlaqəli olduğunu diqqətə yetirir:

1)      Məna (semantik) cəhətdən;

2)       Qrammatik (morfoloji və sintaktik) cəhətdən.


Müəllifin hər bir dilçilik termininin nitqdə formalaşdırdığı, gerçəkləşdirdiyi anlayışların qarşılıqlı bağlılığı məsələsinə  həssas münasibət göstərməsi, buna xüsusi diqqət yetirməsi, irəli surduyu fikir və mülahizələrlə bağlı seçdiyi xarakterik dil faktları, onlar üzərində  apardırdığı nəzəri ümumiləşdirmələr  müasir dilçilik elminin qrammatika şöbəsinin sintaksis bölməsində əldə edilən elmi yeniliklərdən xəbərdar olduğu, qrammatikanın həmin ali  bölməsinə aid linqvistik incəlikləri yetərincə bildiyi barədə dolğun məlumat verməyə geniş imkan yaradır.


Bütün bunlar prof. Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyində aydın şəkildə gözə çarpan linqvistik özəlliklərdir. Onları əvvəllər çap olunmuş başqa dərsliklərdə görə bilmirik. Yeniliyə meyillilik, elmilik prinsipinə əməl etmək, linqvistik həssaslıq haqqında söhbət açdığımız  dilçi alimin yaradıcılıq üslubunun başlıca xüsusiyyətidir. Buludxan Xəlilovun sözlər arasında məna əlaqəsi və qrammatik əlaqələr barədə danışması, məna əlaqəsinin  obyektiv aləmdəki əşyalarla-varlıqlarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqəni  bildirdiyini söyləməsi, qruplaşdırılan həmin əlaqələri dörd növə ayırmağın mümkün olduğunu qeyd etməsi (subyekt əlaqəsi, obyekt əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə) və bu dörd məna əlaqəsini konkret nümunələrlə aydınlaşdırması, onların yığcam şərhini verməsi onun sintaksisə aid əvvəl çapdan çıxmış dərsliklərdə öz əksini tapmış məlum məsələlərə yaradıcı münasibət bəslədiyini göstərir.

Müəllif sözlər arasındakı əlaqənin ikincisinin  qrammatik əlaqə olduğunu, sözlərin morfoloji yolla dəyişməsinin, sintaktik yolla birləşməsi qayda-qanunlarının qrammatik əlaqəni formalaşdırdığını göstərmiş, dildə sintaktik yolla əlaqələnmənin bir sıra üsullarını diqqətə yönəltmiş, onların eyni xarakter daşımadığından  sözlər arasındakı qrammatik əlaqənin iki  yerə – tabeli və tabesiz əlaqələrinə ayrıldığını söyləmişdir.


Prof.Buludxan Xəlilovun  “Müasir Azərbaycan  dili. Sintaksis” dərsliyi dilimizin sintaksisinə aid  yazılaraq çap edilmiş “Azərbaycan dilinin qrammatikası”.  II hissə (sintaksis). 1959; “Müasir Azərbaycan dili. Sintaksis” (Bakı,1959);  Ə.Abdullayevin,  Y.Seyidovun,  A.Həsənov.  “Müasir Azərbaycan dili”, 1985 və Q.Ş.Kazımovun  “Müasir Azərbaycan dili. Sintaksis”, 2000 kitablarından xeyli sonra yazılmış  və çap olunmuşdur. Müəllifin adları qeyd olunan mənbələrdən, həmçinin XX əsrin II yarısından sonra qrammatikanın sintaksis bölməsi ilə  bağlı aparılmış çoxlu tədqiqat işlərindən bəhrələnməsi, həmişə tələbələrlə canlı ünsiyyəti, dərslikdə verilən məsələlər barədə tələbələrin  fikir və düşüncələrini öyrənməsi  Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyini dilçiliyin müasir tələblərinə yetərincə cavab verən daha mükəmməl dərslik adlandırmağa imkan verir. Qrammatika şöbəsinin sintaksis bölməsinin  son elmi-metodiki uğurları  əsasında  yazılmış bu dərsliyin sintaksisə dair özündən əvvəl nəşr  edilmiş mənbələrdən nəzərə çarpacaq dərəcədə fərqlənməsi danılmaz həqiqətdir. Buna görə də həmin fərqli cəhətlərə təbii baxmaq lazımdır. Müəllifin tələbə auditoriyası ilə birbaşa bağlılığının, daha doğrusu, tələbələrlə sıx ünsiyyətinin, tədris prosesindən ayrılmadan  dərsliyi yazmasının da  onun əvvəlki mənbələrdən məzmun  və formaca seçilməsində həlledici rolu olmuş­dur. Yəni, prof.Buludxan Xəlilovun dərsliyi sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlə üzvləri  söz-cümlə, mürəkkəb cümlə, tabeli və tabesiz mürəkkəb cümlə, onların növləri, vasitəsiz nitq, durğu işarələri, cümlə üzvlərinin sırası və s. barədə verilən məlumatlarla, həmin məsələlərin elmi araşdırılması ilə tədris prosesinin, konkret sintaktik məsələlərinin  qarşılıqlı əlaqələri fonunda yazılmışdır. Müəllifin  bu dərsliyində müasir Azərbaycan dilinin  sintaktik quruluşunun ümumi  mənzərəsi əks olunmuşdur.

Professor Buludxan  Xəlilov  Müasir  Azərbaycan dilinin  sintaksis məsələlərini  sistemli şəkildə əks etdirən  dərsliyində  elmi şərhini verdiyi məsələlərlə  onların  tədrisinin  daxili vəhdəti zəminində  elmlə tədrisin   harmoniyasını  yaratmağı bacarmışdır.

 

Yusif  Yusifov,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!