Modern.az

Bərdədə Qarabağ Universitetinin yaradılması təhsilimizə nə verəcək? - Deputatın TƏKLİFİ

Bərdədə Qarabağ Universitetinin yaradılması təhsilimizə nə verəcək? - Deputatın TƏKLİFİ

Aktual

27 Noyabr 2017, 14:12

Bir müddət əvvəl Milli Məclisin deputatı  Zahid Oruc  maraqlı bir təklif irəli sürmüşdü O, Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması ideyasını səsləndirsə də, sonradan bu məsələyə toxunulmadı.

O zaman Qarabağ Dövlət Universitetinin yaradılmasının əhəmiyyəti nə ola bilər?

Qarabağ Dövlət Universitetinin yaradılması ilə paytaxtdakı sıxlığı aradan qaldırmaq mümkündürmü?

Milli Məclisin deputatı Zahid Oruc  Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Təhsilin səviyyəsinə təsir göstərə bilər”

“Ümumilikdə təhsil sisteminin paytaxtdan kənara çıxması ideyası əslində dövlətin özünə məxsusdur. Xatırlayırsınızsa, kampus modeli vardı. Həmin model ali təhsil ocaqlarının qurulmasında müstəsna rol oynayırdı. Məsələn, o dövr  Qafqaz Universiteti bu yolda müəyyən cığırlar açdı. Sonra universitetin həyatında bəlli hadisələr baş verdi və onun adı dəyişdirildi. (Bakı Mühəndislər Universiteti) Hətta həmin ərəfələrdə belə fikirlər səslənirdi ki, Bakı Dövlət Universiteti də daxil bir çox ali məktəbləri şəhərdən kənara çıxarmaq lazımdır. Bununla da paytaxtın yükünü azaltmaq mümkündür. Digər tərəfdən tələbələrin yataqxana sistemlərini qurmaq, əsaslı təmir etmək,  təhsili asanlaşdırmaq, valideynləri müxtəlif sosial qayğılardan uzaqlaşdırmaq təhsilin səviyyəsinə də təsir göstərə bilər”.

“Səngərdə təkcə əsgər və zabit döyüşmür, həm də...”

Deputat bildirib ki, o dönəmlərdə, dövlət başçısının  siyasətinə uyğun olaraq  bölgələrdə də təhsil ocaqlarının yaradılması  qeyd edilib.

“Ən mühüm strateji ünvanlardan biri Qarabağ bölgəsidir. Bu məsələni dilə gətirərkən istinad olunan arqumentlərdən birinin tarixi xarakter daşımasıydı. Çünki bu bölgədə həmişə müxtəlif məktəblər olub. Məsələn, Bərdənin orta əsrlər dövründən də əvvələ gedib çıxdığı haqqında bilgilərə malikik.  Sovet dövrünün özündə belə, Şuşada texnikum təhsilinin nümunələrini görə bilirik. Baxmayaraq ki,  bunlar Sovetlər Birliyinin o vaxtkı mərkəzi siyasətindən qaynaqlanırdı. Ona görə statusu tələb etmək də qeyri-real idi. Bu üzdən Qarabağda hazrıkı işğal vəziyyəti nəzərə alıb universitetin daha çox Bərdədə yaradılması ideyası irəli sürülmüşdü. Hesab edirəm ki, bu, əsaslandırılmış mövqedir. Çünki Bərdə bir çox parametrlərinə görə mərkəz funksiyasını daşımaqda davam edir. Həm iqtisadi, həm mədəni cəhətdən olmaqla yanaşı,  insanların, xüsusilə məcburi köçkünlərin təmərküzləşdiyi yerə çevrilib. Sadəcə, burada əsas məqsəd müharibənin müstəvisini dəyişmək niyyəti idi. Qarabağ adına görülən hər bir iş ümumi ab-havaya təsir edir. Səngərdə təkcə əsgər və zabit döyüşmür. Müəllim də, həkim də digər sənət və peşə sahibləri də öz sferasında döyüşür, millətin azadlığı uğrunda apardığı savaşa öz töhfələrini vermiş olurlar. Bunun ən yaxşı brendi təhsildir”.


Qarabağ Universiteti yaradılarsa...

Zahid Oruc deyir ki, universitetin gerçəkləşməsi fonunda çox ənənələr yenilənmiş olacaq.

“Həm də bu ideya gerçəkləşdiyi təqdirdə Bərdə real, mədəni mərkəzə çevriləcək. Bu yerdə xüsusi vurğulamaq lazımdır ki, “Qarabağ” futbol komandasının adı yaşıl meydanlar üzərində nə qədər  milli reaksiyalar doğurur, milli  obraz kimi təqdim olunur. Orada hər bir hal insanlarda millilik hissini daha da artırır.Təsəvvür edin: Qarabağ Universiteti adı ilə tələbələr elmi mərkəzlərə gedirlər, yaxşı xarici əlaqələr qururlar, əcnəbi müəllimləri ora dəvət edirlər. Mümkündür ki, həmin universitetin nəzdində elmi-tədqiqat mərkəzləri yaradılsın. Hər bir sahədə bölgənin tarixi, arxeoloji və sairə kimi işləri gerçəkləşdirmək mümkündür. Bu məsələ irəli sürüldüyü təqdirdə qiymətini də almışdı. Lakin sonrakı dövrlərdə  nə qədər cazibəli ideyalar olsa da, dövlətin özündə bu fikirlər, təkliflər baxışlar mövcuddur. Yalnız subyektiv olaraq  mənim ideyam sayıla bilməz. Bunun maliyyə, texniki tərəfləri, kadr korpusunun formalaşması var. Bu kompleks məsələlər üzərindən hələ ki, dediyimiz ideya  gerçəkləşməyib. Çox ümid edirik ki, Qarabağ Dövlət Universiteti Azərbaycanın dövlət siyasətinin bir tərkib hissəsi kimi meydana çıxacaq”.

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!