Modern.az

Sumqayıtlı şair oxuculara vətənpərvərlik \"And\"ı verdi

Sumqayıtlı şair oxuculara vətənpərvərlik \

27 Noyabr 2017, 17:37

Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya Evində şair-yazıçı Süleyman Hüseynovun yeni kitablarının təqdimatı ilə bağlı görüş keçirilib. Sumqayıtın ədəbi ictimaiyyətinin və oxucuların iştirakı ilə qurulan ədəbi məclisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov açaraq, müəllifin yüksək vətənpərvərlik hissləri aşılayan, daha çox real faktlara əsaslanan yeni əsəri - "And" romanı haqqında tədbir iştirakçılarına məlumat verərək, Qarabağ mövzusunda yazılmış əsərlər sırasına dəyərli, sanballı bir əsər töhfə verildiyini diqqətə çatdırdı.   


Qeyd edildi ki, Süleyman Hüseynov bir vaxtlar Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (Neft Akademiyasını), daha sonra isə Rusiyanın Xalq Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirərək, ixtisasca mühəndis olsa da, ədəbi yaradıcılığa da meyli güclü olub. Ötən dövrün 70-ci illərində - hələ institutda oxuyarkən şeirlərilə Azərbaycan mətbuatında ardıcıl olaraq çıxış etməyə başlayan S.Hüseynovun son 25 il ərzində "Bir həzin nəğmə", "Öz yolumla gedirəm", "Qəlb harayım", "Taleyim mənim", "Qəriblik nəğmələri" adlı şeirlər kitabları, "Ana baxışları", "Qisas" və "And" adlı povest və romanları nəşr edilib. Onun həmvətənimiz olan Nadejda Painanın tərcüməsi ilə Bakıda və Moskvada rus dilində "Прожил бы так", "Если я не в вернусь", "Меч правосудия" şeirlər kitabları da oxucular tərəfindən maraqla qarşılanıb.

Təsadüfi deyil ki, istedadlı, tanınmış şair Etibar Etibarli sumqayıtlı həmkarı Süleyman Hüseynovun yaradıcılığı haqqında yazaraq bildirib ki, "Böyük bir müəssisəni idarə edən, hər cür insanla münasibətdə olaraq onlarla dil tapmağı, yola getməyi bacaran yazıçı Süleyman Hüseynovun nəsr əsərləri sübut edir ki, onun yaratdığı obrazlar həyatın içindən gəlib. Ona görə də böyük maraq doğurur".

Poetik istedadı və məhsuldar yaradıcılığı ilə diqqəti cəlb edən Süleyman Hüseynov 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. O, həm də "Qılınc və Qələm" Beynəlxalq Ədəbi mükafatının laureatıdır.

Süleyman Hüseynovun istedad və yaradıcılığının yeni bəhrəsi olan "And" romanı müəllifin növbəti ədəbi uğurudur. Təsadüfi deyil ki, bir müddət əvvəl həm Azərbaycan, həm də rus dilində nəşr olunmuş bu dəyərli romanın ictimai-siyasi əhəmiyyətini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə əsər bugünlərdə paytaxtın "Qələm" nəşriyyatı tərəfindən yenidən çap edilib. Əsəri rus dilinə xalqımıza, onun ədəbiyyat və mədəniyyətinə böyük məhəbbət bəsləyən, xalqımızın yaxın və sevimli dostu, özbəkistanlı şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Kasımova tərcümə etmişdir.

“And” romanı xalqımızın azadlıq və suverenlik, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə həsr edilmiş ilk və yeganə əsər deyil. Lakin tarixi hadisələr fonunda qəhrəmanların talelərinin özünəməxsusluğu ilə göstərilməsi romanı bu mövzuda yazılan digər əsərlərdən fərqləndirir.

 Süleyman Hüseynovu belə bir əsər yazmağa sövq edən son 30 ilə yaxın bir dövrdə Vətənlə, Qarabağla bağlı xalqımızı narahat edən faciəvi hadisələr, özünün şəxsi düşüncələri, fikirləri və həyacanlarıdır. Bəlkə də buna görə əsər boyu baş verən hadisələrdə sanki müəllifin də iştirakını hiss edirik. Süleyman müəllim çox ustalıqla qəhrəmanlarını heç bir problem, münaqişə gözlənilməyən hadisələrdən konfliktli situasiyalara gətirib çıxarır, əsas personajlar torpaq uğrunda şəhid olmağa belə hazır olur, ölümlə əlbaxaya olaraq ölümsüzlüyə qovuşurlar.

Həqiqətən müəllif öz qəhrəmanlarını elə təsvir edir ki, sanki o özü hadisələrin şahidi, bəlkə də iştirakçısıdır və əsərdəki bütün həyəcanları, narahatlıqları öz qəlbindən keçirir. İnanmaq olur ki, əsərdə baş verən epizodların və faktların əksəriyyəti real həyatdan götürülüb.

Əsərin baş qəhrəmanları sadə azərbaycanlı gənc Seymur və tanınmış rus generalının nəvəsi Aidadır. Tale onları Moskvada çətin bir iqtisadi-siyasi dövrdə rastlaşdırır. SSRİ dağıldıqdan sonra Moskva Aviasiya İnstitutunu bitirərək, onun məzunu olan Seymur münasib bir iş tapmayaraq, Moskva bazarlarından birində işləməyə məcbur olur. Gənclər arasında təsadüfi tanışlıqdan yaranan xoş münasibət, zərif, kövrək duyğular sonradan saf, güclü bir məhəbbətə çevrilir. Bu inanılmaz, böyük sevginin qarşısında hətta ölüm də aciz qalır.

Bir-birinə olan böyük məhəbbət duyğuları ilə onlar daxili və xarici düşmənlərlə ölüm-dirim mübarizəsinə atılmalı olurlar. Xəyanətə düçar olaraq çətin, qeyri-bərabər mübarizədə həlak olsalar da, mənən qalib çıxırlar. Onların yolunu oğulları Murad müstəqil Azərbaycanın üçrəngli bayrağı altında davam etdirir. Əsər bütünlükdə sevginin təntənəsini, ədalətə inamın qələbəsini əks etdirir.

Belə bir maraqlı əsərlə bağlı keçirilən tədbirdə çıxış edən veteran jurnalist Zümrüd Balaoğlanova, Sumqayıt şəhər Təhsil şöbəsinin metodiki kabinetinin müdiri Gülbahar Haqverdiyeva, kitabın rusca nəşrinin redaktoru, respublika Jurnalistlər Birliyinin üzvü Suliko Daqarquliya, daxili xidmət polkovniki Süleyman Süleymanlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Eyvaz Qocayev, veteran pedaqoq, qabaqcıl təhsil işçisi Sabir Məmmədov, şəhərin tanınmış ziyalılarından olan İndira xanım Şəmsivari, Sumqayıt şəhər Poeziya Evinin əməkdaşı, yazıçı Almaz Bəyazid, şairlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, respublikanın Əməkdar jurnalisti Rafiq Oday və digərləri Süleyman Hüseynovun yaradıcılığı və yeni əsəri haqqında öz fikirlərini söyləyib, ona yeni yaradıcılıq uğurları arzuladılar.

Əsərin hər bir oxucuya yüksək vətənpərvərlik hissləri aşıladığı, torpaqlarımız uğrunda mübarizəyə səslədiyi, vətənimizin Milli Qəhrəmanı, düşmənə Azərbaycan əskərinin hansı igidlik və qəhrəmanlıqlara qadir olduğunu öz igidliyi ilə sübut etmiş, onların "gözünün odunu" almış Mübariz İbrahimov kimi oğulların yetişməsində oynaya biləcəyi rolu nəzərə alınaraq, romanın motivləri əsasında film çəkilməsi barədə təkliflər irəli sürüldü.

Respublikanın Əməkdar artisti Növrəstə Həşimova tədbir iştirakçıları üçün "And" romanından bəzi parçaları Azərbaycan və rus dillərində səsləndirdi.

Tədbirdə Sumqayıtda yaşayıb-yaradan şairlərdən Əyyub Qiyas, Əli Nəcəfxanlı, Qadir Sultanov, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Mirzəcan Ağabalayev, Asif Asiman, Nisə Qədirova, Sevinc Qərib, Elvin Əlizadə və digərləri də iştirak etmişlər.

Görüşün sonunda müəllif "And" romanının azərbaycanca və rusca nəşrlərindən nüsxələri avtoqrafla oxuculara və qələm dostlarına bağışladı.

 

Rəhman ORXAN
Fotolar Şakir Rəhmanındır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu