“Biz həm maddi, həm də digər resurslarımızı cəlb etmişik ki, Ədalət Partiyası 6-cı qurultayını keçirsin. Partiyanın təşkilatlarının əksəriyyətində konfransları bitirmişik”.
Bu sözləri Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. O bildirib ki, qurultayda partiyanın seçki orqanlarının hesabatı dinlənəcək.
“Qurultayda Ədalət Partiyasının sədri, Ali məclis üzvlərinin 3-də 1-i və eyni zamanda Mərkəzi Nəzarət təftişi komissiyasının üzvləri seçiləcək.
Hələlik qurultayın keçirilməsi ilə bağlı yer tapmaqda çətinlik tapırıq. Bir neçə özəl və dövlət qurumlarına müraciət etsək də müsbət cavab verən olmayıb. Bununla bağlı biz Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlamışıq, bu məktubda göstərmişik ki, heç olmasa partiyalar üçün ayrılan yeri bizə tövsiyə etsinlər. İndi bu məktubun cavabını gözləyirik”.
M.Rəhimli, partiyanın sədri İlyas İsmayılovun yaşı ilə bağlı partiyadan ayrılacağı iddialarına da cavab verib.
“İlyas İsmayılov partiyanın yaradıcısıdır və onun ideoloji bazasını formalaşdıran şəxsdir. Bundan başqa İlyas İsmayılov Azərbaycanın siyasi həyatında kifayət qədər tanınmış dövlət xadimidir, bu gün də onun siyasi və dövlətçilik təcrübəsinə ölkəmizdə böyük ehtiyac var. Biz bu cür insanların təcrübəsindən bəhrələnməliyik”.