2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 100 illiyi tamam olur. Bu soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Ermənilərin uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Məlumdur ki, zaman-zaman səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün soyqırımlarına dair müxtəlif beynəlxalq tədbirlər keçirilib, fərman və sərəncamlar imzalanıb.
Maraqlıdır, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı beynəlxalq təşkilatlara, əməkdaşlıq etdiyi işçi qruplara daxil olan ölkələrə müraciət edəcək?
Modern.az saytı bu sualla deputatlara müraciət edib.
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev hesab edir ki, 31 mart soyqırımının 100 illiyi ilə bağlı bütün dövlət orqanları hazırlıqlar aparmalıdır:
“Bu istiqamətdə bizim Diaspor Komitəmiz də ciddi işlər aparmalıdır. Milli Məclisdə də bununla bağlı müəyyən işlər görüləcək. Deputatlarımız tərəfindən bütün parlamentlərarası əlaqələr üzrə işçi qruplara müraciətlər ediləcək. Mən bu yaxınlarda İtaliyada səfərdə oldum. Orada yaşayan həmvətənlərimiz mənə dedilər ki, Diaspor Komitəsinin üzvləri ilə çox az-az görüşlər keçirirlər. Diasporumuzda birlik məsələsi biraz çətindir. Ancaq hesab edirəm ki, soyqırımının 100 illiyi ilə bağlı təbiğatın aparılmasında Diaspor Komitəsi üzərinə düşən işin öhdəsindən layiqincə gələcək. 31 mart - Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlıQDİƏT-ə üzv olan dövlətlərə müraciət edəcəyik. Bildiyiniz kimi, Azərbaycandan başqa QDİƏT-ə üzv olan 11 dövlət var. Amma biz təkcə bu dövlətlərə müraciət etməklə kifayətlənməməliyik. Digər dövlətlərə də müraciətlər etməliyik, tədbirlər keçirməliyik”.
Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının və 31 mart - Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.
“Bu hadisələrlə bağlı bütün dünya ölkələrinin parlamentləri məlumatlandırılacaq. Sözsüz ki, bu hadisələrlə bağlı müxtəlif səpkili tədbirlər hazırlanacaq. Həmçinin, müxtəlif beynəlxalq təşkilatlarda, Avropa Parlamentində, dünyanın müxtəlif ölkələrinin parlamentlərində bu istiqamətdə müxtəlif tədbirlər keçiriləcək”.