Norveçdə yerləşən NATO birgə Hərbi Mərkəzində 8-17 noyabr tarixlərində keçirilən “Trident Javelin” adlı NATO təlimlərində qalmaqala səbəb olan hadisə baş vermişdi. Təlimlərin sonuncu günü simvolik “düşmən qüvvələri” olan ölkə liderlərinin fotoları sırasında Mustafa Kamal Atatürk də hədəf olaraq yerləşdirilmişdi. Bu hadisədən sonra Türkiyə və NATO arasında müəyyən gərginlik yaşandı. Hətta NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, baş vermiş hadisəyə görə üzr istədi. Stoltenberq NATO təlimləri zamanı “Atatürk və Ərdoğan düşmənçiliyi” qalmaqalı ilə bağlı istintaq başladıldığını və hadisəyə səbəb olan norveçli texniki işçinin işdən kənarlaşdırıldığını bildirdi. Baş katib bu cür hadisələrin Türkiyə-NATO münasibətlərinə zərər vurmayacağına ümid etdiyini vurğuladı.
Azərbaycan NATO və Türkiyə ilə sıx əməkdaşlıq edir. Yaranmış bu gərginlik Azərbaycan və NATO münasibətlərinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, Azərbaycan dövləti bu gün özünün müstəqil və çoxşaxəli xarici siyasət strategiyası ilə beynəlxalq təhlükəsizliyin təmin olunması işinə əhəmiyyətli töhfələr verir.
“Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunması işində mühüm əməkdaşlıq münasibətlərinə malikdir. Bu sırada Azərbaycan-NATO münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan NATO-ya üzv olmasa da, Alyansın müxtəlif xarakterli proqramlarında uğurla təmsil olunur. NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Çünki Azərbaycan regional təhlükəsizliyin qarantı və inkişaf mənbəyidir. Prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüşü və aparılan müzakirələr Azərbaycanla NATO arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərinin perspektiv inkişafı üçün əlverişli zəmin mövcuddur. Xüsusilə Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı NATO-nun ölkəmizlə əlaqələri gücləndirməsini zəruri edir”.
Deputat məlum hadisə ilə bağlı deyib ki, belə təxribatlar bütün sahələrdə ola bilər.
“Təbii ki, belə təxribatlar bütün sahələrdə, məsələlərdə ola bilər. Buna bənzər təxribatları Azərbaycana qarşı da ermənilər edir. Ermənistanın işğalçı olmaqla yanaşı, hər məqamda Azərbaycana qarşı hansısa bir təxribat törətmək istəyir. Bu mənada ordada da baş verən hadisə təxribat kimi qiymətləndirilir. Türkiyə NATO-nun əsas qurucu ölkələrindən biridir. NATO Türkiyəyə nə qədər lazımdırsa, Türkiyə də NATO-ya o qədər lazımdır”.