Deputat Qüdrət Həsənquliyev “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı təklif edib ki, Milli Məclis də Silahlı Qüvvələrə nəzarət etsin:
“Biz büdcədən Silahlı Qüvvələr üçün vəsait ayırırıq, lakin onların fəaliyyətinə nəzarət etmirik”.
Modern.az-ın məlumatına görə, deputat vurğulayıb ki, buna görə də müvafiq şəxslər Milli Məclisə dəvət edilməli və bu kimi məsələlərlə bağlı müvafiq komitələrdə müzakirələr olmalıdır.
Deputat Vahid Əhmədov təklif edib ki, digər nazirliklərin və dövlət qurumların tabeliyində olan hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir.
O qeyd edib ki, müstəqillik tariximizdə Silahlı Qüvvələrə tabe olmayan hərbi birləşmələrin dövlət çevrilişlərinə cəhdlərdə və digər bu kimi proseslərdə iştirakının şahidi olmuşuq:
“Təklif edirəm ki, istər müharibə şəraitində, istərsə də dinc şəraitdə həmin hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. Onsuz da biz hazırda müharibə şəraitindəyik. Hesab edirəm k, belə olsa yaxşıdır”.
Deputat həmçinin, hərbi obyekt və mülklərin özəlləşdirilməsinə qarşı çıxıb. O bildirib ki, hərbi mülkiyyətin özəlləşdirilməsi Ali Baş Komandanın razılığı əsasında həyata keçirilməlidir:
“Biz hazırda bu sahədə neqativ halların şahidi oluruq”.
V.Əhmədov eyni zamanda, həmkarı Qüdrət Həsənquliyevin Silahlı Qüvvələrə nəzarət mexanizmi barədə təklifini dəstəkləyib. O qeyd edib ki, belə bir nəzarət mexanizmi olmalıdır:
“İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamaların aparılması və nəticələri barədə Milli Məclisdə hesabat versin”.