Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin bugünkü iclasında qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə həmkarlarına minnətdarlığını bildirib.
Modern.az saytına açıqlamasında deputat bu sənədin vacibliyindən danışıb. Komitə sədri bildirib ki, Azərbaycanda siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alınması üçün zəruri idi.
Fuad Muradov qeyd edib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əks olunan müddəalar bundan əvvəl Gənclər və idman komitəsi tərəfindən də təklif olaraq səsləndirilmiş və dəfələrlə gündəmə gətirilmişdi.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda gənclər sahəsində həyata keçirilən islahatlar sürətlə davam edir, Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda idman obyektlərinin açılışı həyata keçirilir. Buna paralel olaraq ictimai yerlərdə tütün məmulatlarından istifadənin rəsmən qadağan olunmasını ancaq alqışlamaq lazımdır.
“Ölkə başçısının iradəsilə gerşəkləşdirlən tədbirlər gənc nəslin sağlam inkafına yönəlib. Bu gündək gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var idi. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi olurduq. Düşünürəm ki, bu sahədə qanunvericiliyin sərtləşdirməyə ehtiyac vardı.
Milli Məclisin bu gün qəbul etdiyi qanun həmin problemlərin aradan qalxmasına çox ciddi təsir göstərəcək. Gənclər və idman komitəsi adından parlamentin üzvlərinə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbuluna görə təşəkkür edrəm”.
Qeyd edək ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.