“Biz dünən gecə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasından gəlmişik. Bu Assambleyada quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bəyannamə qəbul edildi”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, bu bəyannamə Assambleyaya üzv ölkələrin əksəriyyəti səs verdilər.
“Biz Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bəyannamənin qəbul edilməsində maraqlı idik. Bu bəndin qəbul edilməsində baş katib Asəf Hacıyevin də xüsusi rolunu qeyd etmək istərdim.
Nümayəndə heyətinin üzvləri də bəyannamənin qəbul edilməsi istiqamətində əllərindən gələn hər şeyi etdilər. Orada işğaldan və beynəlxalq hüququn pozulmasından söhbət getdiyi halda Ermənistandan olan nümayəndə heyəti etiraz etdilər və səsvermə zamanı zalı tərk etdilər.
Daha sonra isə bildikdə ki, əksəriyyət ölkələr bu bəyannamənin qəbul edilməsinə səs verib, zala gələrək yazılı şəkildə bir bəyanat verdilər. İclasın növbəti günündə isə iştirak etmədilər. Həmçinin iclasda Bakı-Tiblisi- Qars dəmiryolu xətti ilə bağlı üzv ölkələrin nüaməyəndə heyətlərinin üzvləri müsbət fikirlər səsləndirirdilər”.