Bu gün Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Modern.az-ın məlumatına görə, Bakı Bəyannaməsini imzalayanlar bildirir ki, BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəlikləri bir daha təsdiq edirlər.
Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək öhdəliyini da bir daha qeyd ediblər.
Bəyannamədə terrorizmə, narkotik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qaçqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolu, regional təşkilatlar, sülh və barışıq səyləri, regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.
Bəyannamədə, həmçinin, bildirilib: “Biz Asiyanın Ürəyində ümumi problemləri həll etmək, təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafı təmin etmək üçün effektiv və zəruri vasitə kimi regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayırıq. İştirakçı ölkələr arasında səmimi və səmərəli şəkildə inkişaf etmiş əməkdaşlığı gücləndirmək üçün öhdəliyimizi təkrarlayırıq.
Biz Asiyanın ürəyi ölkələri arasında yaxşı qonşuluq münasibətləri, sülhün mövcud olması və digər ölkələrin daxili işlərinə qarışmamaq əsasında dostluq əlaqələrini inkişaf etdirmək öhdəliyimizi təsdiq edirik. Biz terrorun hər hansı bir dinlə, millətlə, sivilizasiya ilə və ya etnik qrupla əlaqələndirilə bilinməyəcəyini təsdiq edirik.
Bakıda Asiya-İstanbul prosesi ilə bağlı 7-ci Nazirlər Konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikası Hökumətinə səmimi minnətdarlığımızı bildiririk”.
Həmçinin, Bəyanatda Türkiyə Respublikasının 2018-ci ildə, Tacikistan hökumətinin isə 2019-cu ildə Nazirlər konfransına ev sahibliyi etmək niyyəti alqışlanıb.
18:13
Dekabrın 1-də Azərbaycan paytaxtımda keçirilən Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.