Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov iki il müddətinə Fransanın Eks-Marsel Universiteti və Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda ezamiyyətdə olub.
AMEA-dan Modern.az-a bildirilib ki, tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işi aparmaq məqsədilə Fransaya ezam olunan Anar Rəhimov Frenel Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, professor A.Litmanın rəhbərliyi ilə "İnsan beyninin mikrodalğalı dəqiq təsviri üçün tərs məsələlərin yeni ədədi həll üsullarının işlənməsi" mövzusunda araşdırma aparıb. Araşdırmaların bir hissəsi "Thomson Reuters" agentliyinin “Science Citation Index” siyahısına daxil olan və tərs məsələlər sahəsində ən yüksək 1.620 impakt faktoruna malik beynəlxalq "Inverse Problems" jurnalında dərc edilib. "Kvazi-Nyuton yanaşması ilə elektrik xüsusiyyətlərinin Maqnit Rezonans Tomoqrafiyası" adlı 24 səhifəlik məqalənin həmmüəllifləri A.Rəhimov və fransız alimləri A.Litman və G.Ferranddır.
Məqalə Maqnit Rezonans Tomoqrafiyası (MRT) ölçmələrindən istifadə etməklə insan beyninin elektromaqnit xüsusiyyətlərini yüksək dəqiqliklə əldə etmək üçün ədədi üsul və alqoritmlərin işlənməsinə həsr olunub. Alınan nəticələr beyin tomoqrafiyası kimi tibbi tətbiqlər, yumşaq toxuma xəstəliklərinin diaqnostikası üçün praktik əhəmiyyət kəsb edir.
Elektrik xüsusiyyətlərinin MRT-si yalnız insan bədəninin anatomik və funksional deyil, onun elektromaqnit xüsusiyyətlərinin yüksək dəqiqlikli kəmiyyət təsvirini əldə etmək üçün tətbiq oluna bilər. Bu yanaşma dielektriklik əmsalının böyük variasiyasını yaradan patologiya sahəsində diaqnostikada faydalı ola bilər. Misal üçün, xərçəngə yoluxmuş toxumalar geniş elektromaqnit tezlikli spektrdə sağlam toxumalarla müqayisədə müxtəlif elektromaqnetik qiymətlərə malikdir. Bundan başqa, xərçəngə yoluxmuş toxumaların bir çoxunda keçiriciliyin qiymətinin artması müşahidə olunur. Məlumdur ki, iflic, qanaxma, iltihab və s. xəstəliklər toxumanın məlum elektromaqnetik xüsusiyyətlərinə təsir edir. Beləliklə, kompleks dielektriklik əmsalının dəqiq bərpası üsullarının işlənməsi tibbi diaqnostikada mühüm əhəmiyyətə malikdir.
Gələcəkdə Eks-Marsel Universiteti və Frenel Elmi-Tədqiqat İnstitutunun alimləri ilə birgə bu tip tərs məsələləri üçölçülü (3D) konfiqurasiyada tədqiq etmək nəzərdə tutulur. Bundan başqa, azərbaycanlı alim Fransada olduğu müddətdə parabolik və hiperbolik tip tənliklər üçün qeyri-lokal tərs məsələlərin tədqiqi və ədədi həll üsullarının işlənməsi ilə məşğul olub.
Qeyd edək ki, A.Rəhimovun 22 elmi əsərindən 5-i "Thomson Reuters" agentliyinin “Science Citation Index” impakt faktorlu jurnallarında dərc edilib. Xarici jurnalların rəyçisi olan azərbaycanlı alim bir sıra beynəlxalq elmi jurnallarla əməkdaşlıq edib, konfrans, simpozium və yay məktəblərində iştirak edib.