Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadənin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi ilə görüşü keçirilib.
Mərkəzin direktoru Şahin Məmmədov tədbiri açaraq, son illərdə ölkədə təhsil sahəsində, eləcə də peşə təhsili üzrə aparılan uğurlu islahatlardan danışıb, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirib.Şahin Məmmədov qeyd edib ki, 1939-cu ildən fəaliyyət göstərənSənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilk peşə-ixtisas təhsilli müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar 1 və 2 saylı peşə liseyləri, habelə 3 saylı Peşə Məktəbinin bazasında yaradılıb.Hazırda Mərkəzdə 22 ixtisas üzrə tədris aparılır. Şahin Məmmədov ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb.
“Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Ölkənin, eləcə də qədim Gəncəninsosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər, ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib”- Pərvin Kərimzadə bildirib.
Deputat qeyd edib ki,texniki-peşə təhsili bütövlükdə təhsil sisteminin mühüm bir sahəsi olmaqla, cəmiyyətin inkişafında fərdlərin iştirakını təmin edir, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Elə buna görədir ki, hazırda peşəkar kadr hazırlığının kəmiyyət və keyfiyyətcə bazar iqtisadiyyatına uyğunlaşması, peşə hazırlığının müntəzəm təhsillə əlaqələndirilməsi, peşəyönümü fəaliyyətin gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Millət vəkili Azərbaycanda ilk dəfə hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin yeniliklərini diqqətə çatdırıb, bildirib ki, layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinəkeçid zamanı üstünlük, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyaz təqdim olunur.
Geniş diskussiya şəraitində keçən görüşdən sonra millət vəkiliSənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin işi ilə yaxından tanış olub.