Modern.az

İşəgötürənlərin gənclərdən təcrübə tələb etməsi… əsaslıdırmı?  

İşəgötürənlərin gənclərdən təcrübə tələb etməsi… əsaslıdırmı?   

Aktual

2 Dekabr 2017, 17:45

Bəzi işəgötürənlər, xüsusilə də özəl sektorun sahibkarları iş axtaralar qarşısında belə bit tələb qoyurlar: iş təcrübəsi olmalıdır.

Belədə ortaya bir sual çıxır: Universiteti yenicə bitirmiş məzunlar iş təcrübəsini nə vaxt qazanmalıydı? Axı 4 il universitetdə təhsil alan tələbələrin əksəriyyəti bu müddətdə işləyə bilmir ki, iş təcrübəsi də toplasın.
Bəlkə elə məzunlar arasında işsizliyin bir səbəbi də sahibkarların həmin əsassız tələbindən irəli gəlir.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az-a bu məsələdən danışıb. O bildirib ki, dövlət qulluğu vəzifələrinə qəbul zamanı iş stajı tələb olunmur:


“Özəl sektorun çox hissəsi işə qəbulu imtahanla həyata keçirməyə başlayıb. Bəzi özəl sektor müəssisələrində işə qəbul zamanı təcrübə tələb olunur.Bunun əsas səbəbi odur ki, işəgötürən bilmir ki, həmin şəxsin təhsil aldığı universitet ona lazımi nəzəri-praktiki bilikləri verib ya yox”.

Sahib Məmmədovun sözlərinə görə, bəzən olur ki, hətta ali təhsili bitirən məzun heç ixtisası üzrə elementar məsələləri bilmir. Eləcə də bunu iş biliklərinə də aid etmək olar:

“Bu məsələdə işəgötürəni qınamaq lazım deyil, əksinə təhsilin səviyyəsini artırmaq lazımdır, təhsilin istehsalatla əlaqəsi qurulmalıdır. Həmçinin, ali təhsili başa vuran, peşə ixtisasına yiyələnən tələbə-məzunların yiyələndikləri ixtisasa aid nəzəri biliklərlə yanaşı, praktik biliyi də olmalıdır”.  


S.Məmmədov qeyd edib ki, işəgötürən bəzən hər hansı bir kəsi işə qəbul edir, necə deyərlər, yetişdirir, peşəkar səviyyəyə çatdırır, bundan sonra həmin şəxs bu işi qoyub başqa işə düzəlir. İşəgötürənin çəkdiyi xərc heçə gedir: “Ya da bəzən işəgötürən belə şəxsi xaricə göndərir, həmin şəxs xaricdə təhsil alır, qayıdandan sonra isə ərizə yazıb işdən çıxır. Bu hallara görə, işəgötürəni nədəsə qınamaq olmaz, təəssüf ki, təhsilin səviyyəsi qalxmayana kimi belə olacaq”.

Sahib Məmmədov bildirib ki, Azərbaycanda kifayət qədər öz ixtisası üzrə işləməyən işçilərə rast gəlmək mümkündür: “ Dövlət qulluğunu götürək, məhkəmə hakimləri mütləq hüquqşünas təhsili almalıdır və ya tibb işçilərinin tibb üzrə təhsili olmalıdır. Amma elə işlər var ki, onlara ümumi ali təhsil kifayət edir”.


Əbülfəz Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?