Ötən tədris ilindən Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) öz kitabxanasını abituriyentlər, eləcə də bütün orta məktəb şagirdləri üçün açıq elan edib.
Bu tədris ilində də şagirdlər universitetin kitabxanasının oxu zalından heç bir ödəniş etmədən istifadə edə, müxtəlif istiqamətləri əhatə edən ədəbiyyatlardan yararlanaraq bilik və dünyagörüşünü genişləndirə bilər.
Universitetin kitabxanasından verilən məlumata görə, artıq xeyli sayda məktəbli qeydiyyatdan keçərək, daimi oxucu kimi kitabxanadan istifadə edir.
Kitabxana həftənin I-V günləri 09.00-dan 19.30-dək, şənbə günləri isə 09.00-dan 16.00-dək oxucularına xidmət edir.
Məlumat üçün bildirək ki, hazırda Qərbi Kaspi Universitetinin kitabxanası 60.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur.
Eyni zamanda universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.