Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindəndir:
"Bu, Azərbaycan üçün əhəmiyyətli dəstək idi. Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Bu gün də Azərbaycan BƏƏ ilə iqtisadi əlaqələrin inkişafına böyük önəm verir".
Nazir müavini bildirib ki, Azərbaycan BƏƏ-nin ölkənin nəqliyyat layihələrində iştirakını alqışlayır.
M.Məmməd-Quliyev əlavə edib ki, gələn ilin martında "Ehtihad Airways" Bakı-Abu Dabi marşrutu üzrə uçuşlara başlayacaq.
Nazir müavini qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında keçiriləcək.