Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb.
Modern.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.
S.Müslümov tədbirdə bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı, bununla əlaqədar peşə təhsili sisteminin əhəmiyyətini daha da artırıb. Bu gün hökumətin sosial inkişaf siyasətində əsas hədəflər sırasında da işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin əmək bazarının yeni tələbləri əsasında keyfiyyətli peşə təhsili xidmətləri ilə təmin edilməsi mühüm yer tutur: “2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 2016-cı ilin əvvəlindən daha 61 adda peşə standartının layihəsi hazırlanıb. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır”.
S.Müslümov qeyd edib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsi də yaradılıb. Hazırda nazirliyin rəsmi internet səhifəsində də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır: “Hazırlanmış standartlar müəssisələr tərəfindən də geniş istifadə olunur. Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib”.
Nazir diqqətə çatdırıb ki, peşə standartlarının hazırlanması üzrə aparılan işlərin davamlılığını təmin etmək məqsədilə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində Peşə standartları sektoru yaradılıb.
S.Müslümov bildirib ki, statistik məlumatlara əsasən, ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır. O bildirib ki, işsiz və iş axtaran şəxslərin peşə-ixtisas təhsilinin, əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi də onların işlə təminatında çətinlik yaradır. Digər tərəfdən, elm və texnologiyaların sürətli inkişafı mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi ilə nəticələnir. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır.
S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması ilə bağlı tədbirin həyata keçirilməsi də ATF ilə əməkdaşlıq çərçivəsində reallaşacaq. Əmək bazarında tələb və təklifin proqnozlaşdırılması kimi vacib funkiyanı yerinə yetirəcək institusional sistemin, Azərbaycan Respublikasında Milli Observatoriyanın yaradılması ölkə iqtisadiyatı üçün əhəmiyyətli olacaq.
Y.Villems ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında və ATF-in dəstəyi ilə peşə standartlarının hazırlanması prosesinin həm iqtisadi inkişafın, həm də əmək resurslarının səmərəli məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb etdiyini, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin qarşıdakı dövrdə də bu işlərə dəstək vermək məramında olduğunu vurğulayıb.