Modern.az

Yeni sədr: “Vəkillər Kollegiyası səhlənkarlığa yol verib

Yeni sədr: “Vəkillər Kollegiyası səhlənkarlığa yol verib”

Aktual

8 Dekabr 2017, 11:37

Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.

A.Bağırov indiyə qədər baş verənlərə görə məyus olduğunu bildirib: “Hesab edirik ki, Vəkillər Kollegiyası burada müəyyən çatışmazlığa, haradasa səhlənkarlığa yol verib. Biz çalışacağıq ki, bundan sonra bu cür hallar baş verməsin”.

A.Bağırov deyib ki, vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyil.

O bildirib ki, vəkillər yüksək biliyə sahib olmalıdır ki, vətəndaşların hüquqlarını yaxşı müdafiə edə bilsinlər:

“Müdafiəçi kimi çıxış edən vəkil yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".


A.Bağırov həmçinin, vəkilliyə qəbulla bağlı iş stajının aşağı salınmasının vacibliyini qeyd edib.

O bildirib ki, vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunduğuna görə, vəkilliyə əvvəllər istefaya gedən hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur: “Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik. Ona görə də iş stajının aşağı salınması vacib məsələdir".

Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə də danışıb.

Deyib ki, Vəkillər Kollegiyası ilk öncə vəkilliklə bağlı sənədlərin qəbuluna başlayacaq:

"Məlum olduğu kimi, qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, yanvarın 1-dən fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər. Vəkillər Kollegiyası buna hazır olmalıdır. Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq".

 

A.Bağırov bildirib ki, Kollegiya həmçinin, regionlarda hüquqi yardım işini təkmilləşdirməyə çalışacaq:

"Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır və bu sahədə ciddi problemlər var. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin, standartlara cavab versin. Həmçinin, vəkillərin peşə hazırlığının artırılması məsələsi gündəmdədir. Biz istəyirik ki, hüquqi yardım göstərənlərin peşə hazırlığı yüksək olsun. Vəkillərin beynəlxalq fəaliyyətinə də üstünlük veriləcək. Eyni zamanda istəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq və müvafiq qərarlar qəbul edəcəyik. Vəkillərin peşəkarlıq səviyyəsi artırılmalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?