Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin 18-19 dekabr 2017-ci il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində nümayəndə heyəti 19 dekabr 2017-ci il tarixdə “Fəxri xiyaban”a gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib.
Bununla yanaşı, nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə də görüşü baş tutub. Görüşdə Nərimanov rayonundan seçilmiş Milli Məclisin deputatları H.Məmmədov, A.Əliyev və R. Musabəyov da iştirak ediblər.
Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, qeyd olunmuşdur ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş və ümumi sahəsi 5 200 kv.m. təşkil edən Azərbaycan İş Mərkəzinin açılışı üçün aparılan hazırlıq işlərindən də danışılıb.
Qeyd olunub ki, bu Mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olnan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına geniş imkanlar açacaq. Görüş zamanı həmçinin eyni layihənin - Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşası ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.