1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız Azərbaycan Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir.
Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Bu baxımdan 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan oluna bilərmi?
Modern.az saytı bu sualla bir neçə tanınmış şəxsə müraciət edib.
Tarixçi alim, deputat Fəzail İbrahimli bildirib ki, bu, səlahiyyətli orqanların işidir:
“Bu istiqamətdə adi vətəndaşın səlahiyyəti yoxdur. Məsələn, “İslam Həmrəyliyi ili” cənab prezident tərəfindən elan olunub. Bu hansısa fikrin, düşüncənin məhsulu deyil. 2018-ci ilin “AXC ili” elan edilməsi kifayət qədər ciddi və məsuliyyətli bir düşüncədir. Səlahiyyəti olan şəxsin bunu elan etməsi təbii ki, Cümhuriyyətə olan münasibət ola bilər.
Digər tərəfdən, düşünürəm ki, hazırda Cümhuriyyətimizə dövlət tərəfindən kifayət qədər diqqət yetirilir. Əıimərdan bəy Topçubaşovun Fransadakı qəbri ziyarət olunub və düzəldilib. Həmçinin, Bakıda Cümhuriyyətə abidə qoyulub. Yəni dövlətimiz Cümhuriyyətin liderlərinə, onun üzvlərinə xüsusi diqqət ayırır. Azərbaycan dövləti AXC-nin varisidirsə, atılan bütün addımlar xidmətdir”.
Xalq şairi, eks-deputat Sabir Rüstəmxanlı düşünür ki, 2018-ci il “AXC ili” elan oluna bilməz:
“2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə yanaşı, başqa tarixi hadisələr də var. Elə onlardan biri, ən önəmlisi də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasıdır. AXC-ni doğuran da 1918-ci il demokratik respublikamızın xatirəsi, onun qurucularının yaratdığı böyük ənənələrdir. Onların dəyərli sistemi var idi. AXC yalnız onlara söykənib mübarizəyə başladı. Lakin kökü qoyub budaqlardan tutmaq doğru olmaz. Tarixi hadisələri bir-birindən ayırmaq lazım deyil.
Gələn il həm AXC-nin, həm də Azərbaycan Xalq Cəbhəsinin yubileyidir. Əslində Azərbaycan Xalq Cəbhəsi 1988-ci ildə elan olunsa da, yaradılış tarixi 1989-cu ildir. Bu baxımdan 2019-cu ildə yubileyi olacağını da demək olar”.
Milli Məclisin deputatı Fazil Mustafa 2018-ci ilin “AXC ili” elan olunmasının tərəfdarıdır:
“AXC Azərbaycan tarixinin ən böyük hadisəsidir. Əgər biz bu günə dəyər verməsək, o zaman hansı günə daha çox önəm verdiyimizi göstərə bilərik? Bu səbəbdən 2018-ci il mütləq “AXC ili” elan olunmalıdır. Ümid edirəm ki, bu, belə qeyd olunacaq və bu istiqamətdə qərar qəbul ediləcək”.
Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şərəfli dövrüdür:
“Bu baxımdan 2018-ci il “AXC ili” elan oluna bilər. Biz gələn ili “AXC ili” elan etməklə Qafqaz regionunda, bütün Şərq dünyasında böyük təşəbbüsü ələ götürəcəyik. O cümlədən dünyaya sübut edəcəyik ki, biz Cümhuriyyəti qurmaqla Azərbaycan xalqına yox, eyni zamanda bütün müsəlman, türk dünyasına ilk demokratik dövlət quruculuğu dəyərlərini gətirmişik. Bu mənada bizim çox şanslarımız var və bundan faydalanmalıyıq. Ona görə də dünyaya bu cür siyasi qabiliyyətimizin olduğunu elan edə bilərik”.