Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib.
Modern.az-ın məlumatına görə, iclasın əvvəlində AGF-nin maliyyə hesabatları dinlənilib, bir sıra məsələlər müzakirə olunub.
Sonra Federasiyanın 15 illik yubileyinə həsr olunmuş 8-ci Ümumi Yığıncaqda AGF-nin vitse-prezidenti Altay Həsənov 2017-ci il üzrə hesabatı, о cümlədən yubileylə əlaqədar 15 il üzrə hesabatı təqdim edib.
Hesabatdan sonra AGF-nin İcra Komitəsinin qərarına əsasən gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətlərinə görə fərqlənmiş şəxslərə xatirə medalları təqdim olunub.
Həmçinin, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında nəticə göstərmiş idmançı və məşqçilər bürünc medallarla təltif olunub:
- Murad Ağarzayev (idman gimnastı) - sərbəst hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal əldə etdiyinə görə;
- Rza Əliyev (kişi idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Murad Ağarzayev, Timur Bayramov və Bence Talas) 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdiyinə görə;
- Nina Pravdina (qadın idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Marina Nekrasova, Yuliya İnşına və Yekaterina Tişkova) 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə etdiyinə görə.
Bundan başqa, İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri nəticəyə görə bir sıra digər idmançı və məşqçilər - gimnast Zöhrə Ağamirova, məşqçisi Yasena Stoyneva, gimnastlar Bense Talas, Timur Bayramov, Marina Nekrasova, Yuliya İnşina, Yekaterina Tişkova, məşqçi Gennadi Xorpyakov bürünc dəyərli xatirə medalları ilə təltif olunublar.
Bu il Ümumdünya Oyunlarında sinxron proqramda gümüş medal əldə etdiklərinə görə Svetlana Makştarova və Veronika Zemlyanaya da bürünc dəyərli xatirə medalları ilə təltif olunublar.
Mükafatlandırma mərasimindən sonra məhz gimnastika növləri üzrə yığma komandaların üzvlərinin yeni geyim dəstlərini xüsusi dizayn etmiş Mənzər Hacıyeva həmin geyim dəstləri ilə bağlı təqdimat edib.
İclasın sonunda çıxış üçün söz AGF-nin İcra Komitəsinin üzvləri Elşad Nəhmanov və Rauf Əliyevə verilib.