Dekabrın 25-də Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Milli Məclisin deputatı, Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim edib.
Daha sonra gündəlikdə duran ikinci məsələ-Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafael İsaxanyanın oktyabrın 30-da Tiflisdə keçirilən təsis qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, nizamnamənin 6.5-ci maddəsinə əsasən əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının Qurultayı tərəfindən edilə bilər. Həmçinin qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü nizamnamənin 5.10-cu maddəsinə uyğun olaraq Vətəndaş Sülh Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə onun üzvlüyünə xitam verilir.
Platformanın həmsədri Rövşən Rzayev İsaxanyanın nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvlüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsini xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. A. Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.
Rövşən Rzayev Modern.az-a açıqlamasında İsaxanyanın platformanın üzvlüyündən çıxarılmasını şərh edib.
“Sülh Platforması yaranıb ki, siyasətdən kənar fəaliyyətimizlə məşğul olaq. İnsanlar arasında itirdiyimiz münasibətlərin bərpası ilə bağlı müəyyən hərəkətlər edək. Təəssüflər olsun ki, İsaxanyana təzyiqlər olub və bu təzyiqlər nəticəsində öz mövqeyində bəzi dəyişikliklər edib. Ona görə də belə hallar bizi qane etmir. Bu cür hallara öz etirazımızı bildiririk. Ona görə də İsaxanyanı platforma üzvlüyündən xaric etməli olduq”
Rövşən Rzayev təşkilatın 2018-ci il planlarından da söz açıb.
“2018-ci ildən gözləntim odur ki, ermənilər insani davranış göstərməyə başlayacaqlar. Təbii ki biz fəaliyyətimizi genişləndirməkdə davam edəcəyik. Bir çox insanlar var ki, Sülh Platformasını dəstəkləyir. Ona görə də 2018-ci ildə görüş gözlənilir. Hətta platformaya üzv olan insanların sayı çoxdur. Bu da bizi qane edir”.
Platforma həmsədri Qarabağın erməni və azərbaycanlı icma rəhbərlərinin görüşü barədə də danışıb.
“Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşməsi barədə işlərimizi davam etdiririk. Ümid edirik ki, 2018-ci ildə icmaların görüşündən nəsə əldə edə bilərik. Bu görüşlərdə məqsəd sülh, itirilən münasibətlərin bərpası, siyasətin qurbanına çevrilən gənc əsgərləri xilas etməkdir. Ehtiyac olarsa, hər hansı azərbaycanlının Ermənistana getməsini təşkil edə bilərik. Çünki dediyiniz kimi 2017-ci ildə bir neçə erməni Azərbaycana gəlib. Həm Ermənistanda, həm də Azərbaycanda ofis işimizi davam etdirə bilərik. Çünki platformanın ofisi yoxdur. Yaxın vaxtlarda onu da həll edəcəyik”