Modern.az

“Çalışırıq ki, qanunvericilik çərçivəsində Autizmli uşaqlara köməklik göstərək”

“Çalışırıq ki, qanunvericilik çərçivəsində Autizmli uşaqlara köməklik göstərək”

Aktual

27 Dekabr 2017, 20:00

«Millət vəkili olaraq çalışırıq ki, qanunvericilik çərçivəsində və bacardığımız istiqamətdə Autizmli gənc və uşaqlara müəyyən köməkliklər göstərək».

 

Modern.az xəbər verir ki,  bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov Autizmlilər İdman Klubu İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi zamanı deyib.

 

Tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edən millət vəkili, Autizmlilərlə birgə bu tədbirdə iştirak etməkdən çox məmnun olduğunu diqqətə çatdırıb:

«Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Sizə yeni ildə uğurlar arzulayıram. Bu gün burada kolleqam Elmira Axundova da iştirak edir. Çox böyük həvəslə bu gün tədbirdə iştirak edirəm. Bilirəm ki, bu cəmiyyətin təşkil etdiyi tədbirlər neçə ildi davam edir. Özüm şəxsən iştirak etməsəm də, bu gün artıq sizlərlə birgə burdayam».

 

Fuad Muradov bildirib ki, Autizmlilərin İdman Klubunun (AİK) rəhbəri Elnur Məmmədovla vaxtaşırı keçdikləri təlim barədə, klubda təlim alan gənc və uşaqların valideynləri ilə etdiyi danışıqları, onların idmanda qazandığı uğurlardan, klubun həyata keçirdiyi işlərdən danışırıq:

 

«Bu işlərdə autizlimlilərə yardım edən hər bir şəxsə təşəkkür edirəm. İcazə verin sizi öz adımdan, Gənclər İdman Komitəsi adından, bizim doğma Gənclər və İdman Nazirliyi adından sizin hər birinizə dərin təşəkkürümü bildirim. Sizin böyük zəhmətiniz var. Siz öz şəxsi vaxtınızı, digər işlərinizi atıb, bizim bu balalarla məşğul olursuz. Onların gələcək həyat tərzlərini formalaşdırmağa kömək edirsiniz. Onlara kömək edirsiniz ki, özlərini cəmiyyətdən kənar hiss etməsinlər».

 

«Biz də millət vəkili olaraq çalışırıq ki, qanunvericilik çərçivəsində və bacardığımız istiqamətdə Autizmli gənc və uşaqlara müəyyən köməkliklərgöstərək. Bu günləri biz burdayıq öz dəstəyimizi göstəririk. Ancaq bu iş tək əldən həll oluna bilməz. Burda həm ictimai təşkilatlar, dövlət qurumları, Milli Məclis, bizim sahibkarlarımız, bir sözlə hamımız birgə olub, autizmlilərə kömək etməliyik. Ulu öndər Heydər Əliyev gənc və uşaqlar haqda çox gözəl ifadə səsləndirmişdi: «Uşaqlar bizim gələcəyimizdi». Əgər biz sağlam, möhkəm dövlət qurmaq istəyiriksə, hər birimiz bu istiqamətdə çalışmalıyıq», — deyə deputat əlavə edib.

 

Millət vəkili daha sonra əlavə edib ki, cənab prezident İlham Əliyevin elə bir çıxışı yoxdu ki, gələcəklə, Azərbaycan gəncliyi ilə bağlı fikirlərini bildirməsin:

 

«Ümumiyyətlə, bizim bu sahəyə, işlərə böyük dəstəyimiz olmalıdır. Ümidvaram ki, gələcəkdə türk qardaşlarımız bizə dəstək olacaqlar. Onlarla bu barədə regional səviyyədə danışıqlar aparırıq. Artıq biz bu məsələni qanunvericilik səviyyəsinə yüksəltməliyik. Bu məsələdə əsas cəmiyyətin autizmlilərə olan münasibətini formalaşdırmaqdır. Cəmiyyət bizim uşaqlarımızı elə qəbul etməlidir ki, onlar gəcələkdə bu dəstəyi hiss etsinlər».

Sonda Fuad Muradov tədbiri təşkil edənlərə, dəstək olanlara, vaxt ayırıb gələnlərə təşəkkürünü bildirib:

 

«Yuxarıda sadaladığım məsələlərdə mətbuatın da bizə dəstəyi lazımdı. Çünki belə bir tədbirlərin işıqlandırılması, cəmiyyətə çatdırılması çox önəmlidir. Bu da ona görə lazımdı ki, gələcəkdə daha böyük işlər görə bilərik. Elə insanlar var ki, onların hər hansı bir vəzifəsi olmasa da, onlar da bu uşaqlar üçün çox böyük işlər görüb, bizim təşkilata dəstək olurlar. Mən bizim təşkilat deyirəm, çünki neçə illərdi ki, artıq özümü bu təşkilatın üzvü kimi hiss edirəm», — deyə millət vəkili əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər