Yeni ilin gəlişinə bir gün qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, fərqli mühitlərdə qeyd etməyə çalışır. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları olur.
Bəs Milli Məclisin dünəndən tətildə olan deputatları Yeni ili harda və necə keçirməyi planlaşdırır?
Məlahət İbrahimqızı yeni ili Bakıda keçirəcəyini deyib.
“Yeni ili evimizdə qarşılayacağam. Ailə üzvlərim, oğlum, gəlinim, nəvəm, anam, qohumlarımla bir yerdə olacam. Allahın verdiyi hər bir ruzi mənim üçün qiymətlidir. Amma gündəlik nəyi seviriksə, Yeni ildə də onu hazırlayacağıq. Bu günü qeyri-adi bir gün olaraq düşünmürəm. Gündəlik hansı yeməkləri xoşlayırıqsa, həmin gün də süfrəmizdə o yeməklər olacaq”.
Fazil Mustafa bayram üçün xüsusi bir planının olmadığını bildirib.
“Əslində bayram üçün xüsusi bir proqramım yoxdur. Açığı, ötən il bayramı restoranların birində keçirdim və peşman oldum. Çünki bayram keçirmə mədəniyyəti bizdə çox aşağıdır. Bəziləri içib özlərini səviyyəsiz aparırlar. Elə hərəkətlər edirdilər ki, dəhşətə gəlirdim. Dalaşan kim, söyüşən kim. Ona görə düşünürəm ki, rayonlarımızın birinə gedib təbiət qoynunda bayramı qeyd edim".
Tahir Kərimli yeni ili paytaxtda qarşılayacaq.
“Yeni ili ailəmlə, doğmalarımla birgə Bakıda qeyd etməyi planlaşdırıram. Lakin tətil günlərində Ağsu, Şamaxı, İsmayıllıya yollanıb, orada yaşayan doğmalarımı ziyarət etmək istəyirəm”.
Rüstəm Xəlilov da yeni ili ailəsi ilə birlikdə keçirəcək.
“Yeni ili ailəmlə, doğmlarımla birlikdə qarşılayacam. Sizin vasitənizlə də hər bir Azərbaycan vətəndaşını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirəm. İnşallah, 2018-ci il də dövlətimiz və millətimiz üçün düşərli olar”.
Madər Musayev yeni ili Bakıda keçirəcəyini deyib.
“Yeni ili Bakıda ailəmlə, yaxınlarımla qeyd edəcəm. Bildiyiniz kimi, mən indiyə qədər heç vaxt xarici ölkələrə səfər etməmişəm. Xarici ölkələrə səfər etməyi xoşlamıram. Mənim üçün ən yaxşı yer elə Azərbaycandır. Bütün vətəndaşlarımızı da bayram münasibətilə təbrik edirəm. Yeni il onlara bol ruzi, can sağlığı gətirsin”.