“Qəbələ” futbol klubu əyalət təmsilçisi “Qarabağ”ın futbolçusu Mahir Mədətovu qınayıb.
Modern.az saytının məlumatına görə, buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub. “Qəbələ” futbol klubu bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib:
““Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir".
Bütün bunları nəzərə alan klub “Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.