Avstriyada yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib.
Modern.az Virtualaz.org saytına istinadən xəbər verir ki, şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb. Bir neçə siyasi qurumun birgə təşkil etdiyi etiraz yürüşündə Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) təşkil etdiyi hökumət rassist və sağçı eksremist tendensiyalarına meyilli olmaqda tənqid olunub. “Humanist sığınacaq siyasəti”, “Sağçılara qarşı hücum”, “Radikal solçular” platformaları ilə yanaşı, aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət “Nənələr sağçılara qarşı” kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.
Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H. Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş şəkildə kamplarda saxlamaq təklifi mediada böyük səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə günahlandırıblar.
Nümayişdə, həmçinin yeni hökumətin ali təhsil müəssisələrinə qəbul şərtlərini çətinləşdirmək niyyəti, əmək bazarının aşağı seqmentindəki işçilərin vergi yükünü azaltmaq üçün heç bir tutarlı proqram həyata keçirməməsi əsas tənqid hədəfləri olub.
Mindən artıq polisin nəzarəti altında keçən etiraz aksiyası dinc şəraitdə başa çatıb.