Modern.az

Siyasi partiyaların seçki fəallığı nə vaxt başlayacaq...  

Siyasi partiyaların seçki fəallığı nə vaxt başlayacaq...  

22 Yanvar 2018, 16:36

2018-ci ilin oktyabrında Azərbaycanda mühüm siyasi hadisə  baş verəcək - növbəti prezident seçkiləri keçiriləcək. 10 aydan da az vaxt qalmasına baxmayaraq, hələ də ölkədə seçki fəallığı müşahidə edilmir. Bu vəziyyət həm iqtidar, həm də müxalif cəbhəsində demək olar ki, eynidir. Bəs görəsən bunun səbəbi nədir? Seçki fəallığı nə vaxtdan başlayacaq?

Modern.az saytı bu suallarla siyasi partiyalara müraciət edib.
 

Vəhdət Partiyasının sədri Tahir Kərimli:

“Bizdə seçkilərə 10 ay qalıb, amma bu vacib hadisəyə hazırlıq tam olaraq başlamayıb. Bizdən fərqli olaraq, qardaş  Türkiyədə 2019-cu ildə keçiriləcək prezident seçkilərinə hazırlıq indidən başlayıb. Eyni zamanda bu il Rusiyada da prezident seçkiləri keçiriləcək. Rusiyada seçkilərin mart ayında keçirilməsinə baxmayaraq demək olar ki, seçki fəallığı yeni başlayıb.
Rusiyada olduğu kimi, Azərbaycanda da hamı gözləyir ki, hakim partiya öz namizədini irəli sürsün və  ona uyğun digər partiyalar da hərəkət etsin.
Digər partiyalarda olduğu kimi, bizim partiyada da çox ciddi müzakirələr gedir. Bu yaxınlarda deputat Qüdrət Həsənquliyev təklif etmişdi ki, parlament partiyalarının vahid namizədi olsun. Bunu biz partiyada müzakirə etdik, əvvəlcədən də bizim partiyamızın hazırki prezident İlham Əliyevi dəstəkləmək haqqında qərarı var idi. Fikirləşirik ki, faktiki cəhətdən ölkədə olan çatışmazlıqlara çox müxalif olsaq da, strateji baxımdan sabit ölkəyik.
Hesab edirik ki, elan olunmuş demokratiya və insan haqları barədə şüarlar son 30 ildə 30 ölkədə tətbiq olundu, amma heç birində demokratiya qalib gəlmədi. Ya parçalandılar, ya dağıldılar, ya da daha pis vəziyyətə düşdülər.
Amma Azərbaycanda sabitlik İlham Əliyevin simasında qorunub saxlanılır. Çox güman ki, biz bu dəfə də İlham Əliyevin namizədliyinin müdafiəsi haqqında qərar qəbul edəcəyik. Bütün bunlarla bağlı ayın sonunda partiyanın Baş Məclisi toplanacaq, amma qərarı indi verməyəcəyik, qərarı ilin ortalarında verəcəyik.
Düşünürəm ki, Yeni Azərbaycan Partiyası, onun namizədi güclüdür. Açığını deyək ki, nə YAP-a, nə də YAP-ın namizədinə alternativ görülür. Belə vəziyyətdə seçkinin fəallığını təmin edəcək hadisələr baş verməyib. Mən hesab edirəm ki, Azərbaycanda seçki ili Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qrafik çərçivəsində davam edəcək”.
 

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli: 

“Azərbaycanda seçki institutları tamamilə dağıdılıb. Xüsusilə sonuncu düzəlişlərdən sonra bunu əminliklə söyləmək olar. Ona görə də ölkədə hakimiyyət dəyişikliyinə, azad və demokratik seçkinin keçirilməsinə inam ölüb. Bu səbəbdən də AXCP-də seçki hazırlığı getmir”.


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

“Azərbaycanda vətəndaşlarda seçkiyə marağın olmamasının bir çox səbəbləri var. Bunlardan ən əsası seçkilərin şəffaf keçirilməməsidir. İnsanlarda seçkilərə inam qalmayıb.

Müsavat Partiyası seçki hazırlığına çoxdan başlayıb, biz ilk olaraq səlahiyyətli nümayəndələrin, Ddairə Seçki komissiyalarının məşvərətçi üzvlərinin müəyyənləşdirilməsi, məntəqələr üzrə məşvərətçi səs hüquqlü komissiya üzvlərinin seçilməsi işlərinə başlanılıb və bu istiqamətdə işlərimiz davam edir.
Eyni zamanda, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində müzakirələrimiz gedir.
Seçki Məcəlləsinin indiki forması 2003-cü ildən bəri ən pisidir. Ona görə də Azərbaycandakı siyasi təşkilatların da təklifləri nəzərə alınaraq, Seçki Məcəlləsində mütləq dəyişikliklər edilməlidir. Seçki komissiyaları hakimiyyətin tam nəzarətindən çıxarılmalı, namizədlərə bərabər seçki mühiti yaradılmalıdır. Hər halda Seçki Məcəlləsinin bir neçə maddəsi dəyişilməlidir, beynəlxalq standartlara cavab verən halda olmalıdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Seçki fəallığının müşahidə edilməməsinin əsas səbəbi ölkədə ardıcıl olaraq seçkilərin formal keçirilməsidir. Bu da nailiyyətsizlik sindromu yaradır. Gedirsən seçkiyə, 5-10 manat pul qoyursan, camaatı qaldırırsan ayağa, səs toplayırsan. Mən özüm 2 dəfə seçkilərdə iştirak etmişəm, hər ikisində də seçkilərdə səs toplamışam, amma mənə mandat verilməyib. Hər ikisində Avropa Məhkəməsinə müraciət etmişəm və qazanmışam. Yəni nəticə əldə etmək olmur, vətəndaş da deyir ki, onsuz da sən seçilmirsən.

Birincisi budur ki, vətəndaşlarda seçkiyə maraq yoxdur. İkincisi hakimiyyət seçki ilə bağlı düzgün təbliğat aparmır. Vətəndaşların seçkiyə hazır olması dövləti qorumağın əsas üsullarından, dövlətə sahib çıxmağın yollarından biridir. Söhbət burada kimin hakimiyyətdə olmasından deyil, vətəndaşların seçkiyə diqqət etməsindən gedir.
Hazırda fakt göstərir ki, vətəndaşlar öz dövlətlərinin azarkeşi deyillər. Bu baxımdan mən demək istəyirəm ki, seçkidə vətəndaşların apolitik olması (öz siyasi talelərinə biganə qalması), digər tərəfdən hakimiyyətin seçki siyasətinin yanlış olması qeyri-fəallığın səbəbidir.
Yəni seçki ilə bağlı 1 il qabaqcadan televiziyalarda təbliğat getməlidir, seçkinin mahiyyəti, əhəmiyyəti izah edilməlidir.

Üçüncü səbəb isə müxalif liderlərinin seçki ilə bağlı aydın bir konsepsiyasının olmamasıdır. Mən bir dəfə prezident seçkilərində iştirak etmişəm, məqsəd də formal şəkildə bu seçkilərdə iştirak etməkdir. Bu vasitə ilə ideyalarımızı xalqa çatdırmağa çalışmışıq. Dünya bilsin ki, Azərbaycanda da alternativ fikirli insanlar var. Bir də var ki, mütləq hakimiyyətə gəlmək. Azərbaycan müxalifətində nəyin bahasına olursa olsun, hakimiyyətə gəlmək imkanına malik, belə bir ideyası, iddiası olan şəxs yoxdur. Ona görə bizim kimi müxalifət yalnız inkişaf etmiş demokratik ölkələrdə seçkidən nə isə əldə edə bilər.
Başqa səbəblər də var. Məsələn mən açıq deyim ki, seçkidə iştirak etmək naminə iştirak edəcəm. Kimsə iddia edirsə ki, o, nəyin bahasına olursa olsun prinsipi ilə seçkidə iştirak edəcək, o zaman öz resurslarına baxsın, özünün beynəlxalq dəstəyinə diqqət etsin.
Mənim imkanım, partiyamızın imkanı maksimum seçkidə iştirak naminə iştiraka imkan verir. Bu da çox ciddi hazırlığı, hansısa maliyyə vəsaitləri xərcləməyə, daha geniş seçki təbliğatı keçirməyi tələb etmir.
Partiyamızda prezident seçkiləri ilə bağlı müzakirələr aparmışıq, belə qənaətə gəlmişik ki, müxalifətin namizədi olarsa onu dəstəkləyərik, əgər olmazsa öz namizədimizlə gedəcəyik, o da olmazsa, seçkilərdə müşahidəçi olaraq iştirak edəcəyik. Amma seçkidə iştirak etməmək mümkün deyil, yəni belə çoxlu variantlarımız var”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Rəsmi olaraq seçki hazırlığı elan olunsa da, hələ ki seçki fəallığı müşahidə edilmir. Görünür ki, seçki qanunlarına uyğun olaraq hadisələrin daha kulminasiya nöqtəsinə çatması  mart ayında başalayacaq. Amma Azərbaycanda bugünkü şəraitdə hələlik seçkiyə müstəqil hazırlaşmaq imkanları məhduddur. Bütün bunlara baxmayaraq, biz Müasir Müsavat Partiyası olaraq hazırlığımızı çox yüksək şəkildə aparırıq. Bizim gördüyümüz işlər zaman-zaman mətbuatda işıqlanır. Amma digər partiyalar var ki, onlar müəyyən yerlərdən müəyyən tapşırıqlar gözləyirlər. Hər halda bu il Azərbaycanda seçkilər çox çətin keçəcək. Mən istərdim bu il seçkilər şəffaf şəkildə keçirilsin, televiziyalarda namizədlərə yer verilsin, seçkiyə qatılan partiyalar fikirlərini açıq şəkildə çatdırsınlar.
İstəyərdim ki, seçki hazırlığı indidən başlansın, narazılığı biruzə verən qüvvələr bəri başdan ortaya çıxsın.
Bizim partiyada işlər tam hazır vəziyyətdədir. Sözümü televiziyalarda xalqa demək üçün bizə şərait yaratsınlar. Narazılıqları öyrənək, onları yaradan rüşvətxor məmurların üzərinə gedək. Elə edək ki, xalq arasında olan narazılıq aşağı səviyyəyə düşsün”.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

“Azərbaycanda seçki institutu yoxdur. İndiyə qədər keçirilən seçkilər hakimiyyətin tam nəzarəti altında keçirilir və hakimiyyətin istədiyi formada seçkili qurumlar formalaşdırılıb. Ona görə də xalqın da, seçicilərin də, şəxsi qüvvələrin də seçkilərə marağı günü-gündən zəifləyir. Təəssüflə qeyd etmək lazımdır ki, acı bir mənzərə ortaya çıxır. Çox təhlükəli bir yanaşmadı, çox təhlükəli bir haldır ki, insanlar öz qurduqları dövlətin idarəçisini seçməkdən könüllü şəkildə imtina edirlər.

AMİP-in prezident seçkiləri ilə bağlı yekun qərarı yoxdur. Amma biz mövqeyimizi dəfələrlə ifadə etmişik: münbit seçki mühiti yaradılmayınca, seçki qanunvericiliyi və seçki komissiyasının tərkibi təkmilləşdirilməyincə seçkilərdə iştirak etməyin mənası qalmır. Qabaqcadan nəticəsi bəlli olan və yaxud idarə olunan seçkidə uğur qazanmaq təbii ki, mümkün deyil. Bu, həm vaxt itkisi, həm maliyyə itkisi, həm də digər resursların havayı xərclənməsindən başqa bir şey deyil. Hesab edirik ki, ölkənin siyasi qüvvələri ölkədəki seçki  mühitinin normallaşdırılması, siyasin rəqabət mühitinin yaradılması istiqamətində fəaliyyəti genişləndirməlidir. Eyni zamanda, paralel olaraq beynəlxalq ictimaiyyətin də diqqətini seçki prosesinə yönəltməyə çalışmaq lazımdır”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli:


“Doğurdan da müşahidələr göstərir ki, Azərbaycanda seçki fəallığı yoxdur. Baxmayaraq ki, demokratik ölkələrin əksəriyyətində seçkilərə 1 il qalmış atıq seçki hazırlığına start verilir. Amma indiki halda Azərbaycan da heç bir düşərgədə kimlərin prezident seçkilərinə qatılacağı konkret bəlli deyil. Ona görə ilkin olaraq namizədlər bəlli olmalıdır ki, alternativlər də irəli çıxarılsın. Bu səbəbdən də hələlik seçki fəallığı müşahidə edilmir”.


Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə:

“Prezident seçkilərinə hazırlıq normal şəraitdə gedir. Artıq bir neçə ildir ki, bu və ya digər  siyasi partiya özünün namizədliyini elan edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da prezident seçkiləri ilə bağlı hazırlıqlara başladıqlarını deyib. Partiylarda ciddi fəallıqla bağlı mətbuatda vaxtaşırı məlumatlar gedir, seçki ili olduğu hiss edilir. Eyni zamanda da mənim üzvü olduğum Yeni Azərbaycan Partiyası seçkilərdə öz namizədi ilə iştirak etmək və qələbə çalmaq əzmindədir.
Rəy sorğuları göstərir ki, YAP-ın namizədi seçkilərdə birinci turda böyük səs fərqi ilə qalib gələcək. İlk növbədə partiyanın sədri, cənab İlham Əliyevin ölkə lideri kimi fəaliyyətinin cəmiyyət tərəfindən dəstəklənməsi əksər vətəndaşların özünün gələcək həyatını prezidentin kursu ilə bağlamağından irəli gələn məsələdir.
2018-ci ildə demokratik, şəffaf bir seçkilər keçiriləcəyinə heç bir sübhə ola bilməz. Azərbaycanda artıq oturuşmuş demokratiya, oturuşmuş konstitusiyalı hüquq sistemi var, böyük seçki təcrübəsi mövcuddur. Oyun qaydalarının əksəriyyəti təmin olunduğuna görə hər hansı bir problemin yaranmayacağını düşünürəm. Ümumən götürdükdə, builki prezident seçkiləri həm ötən 5 ilə şərəfli yekun vuracaq və həm də növbəti 7 ilə böyük bir uğurlarla başlayacaq.

Seçkilərə hazırlığa YAP-da heç vaxt ara verilməyib. Bir seçki başa çatan kimi, biz növbəti seçkilərə hazırlıq görürük. İlk növbədə ötən seçkilərin təcrübəsinə nəzər salırıq. Hazırda partiya daxilində üzvlərimizlə, fəallarımızla çox böyük işlər aparılır. Bizim seçkilərdə iştirak etmək istəyən fəallarımızın sayı həddən artıq çoxdur. YAP bir siyasi qüvvə kimi seçkidə iştirak etmək və öz namizədi ilə qalib gəlmək əzmindədir. Bir məsələ var ki, biz özümüzü hakim partiya kimi aparmırıq.  Baxmayaraq ki, ölkə prezidenti partiyamızın rəhbəridir, parlamentdəki deputatların əksəriyyəti YAP-ın üzvüdür. Biz özümüzü qeydiyyatdan keçmiş 50-dən çox siyasi partiyadan biri kimi aparırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?