Qasimi Məcid oğlu Mehtiyev 1954-cü il aprelin 26-da anadan olub. Orta təhsilini 1959-1969-cü illərdə alıb. Elə həmin il Gəncə Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasına qəbul olunub. 1973-cü ildə ali məktəbi bitirdikdən sonra təyinatla Tovuz rayonu Hunan kəndində müəllimlik fəaliyyətinə başlayıb. 1989-cu ildən isə Tovuz rayonu Əyyublu kəndi E.Bayramov adına tam orta məktəbində riyaziyyat elminin tədrisi ilə məşğuldur.
- Sizin bu yaxınlarda riyaziyyat elminin həndəsə bölməsində Pifaqor teoremi ilə bağlı yeni bir təklifiniz oldu. Öncə irəli sürdüyünüz təklif haqqında söhbət açardınız.
- Mənim 2016-cı ilin oktyabr ayının ortalarında “Təhsil problemləri” qəzetində ilk məqaləm dərc olundu. Məqalədə Düzbucaqlı üçbucaqların həlli metodunda Pifaqor ədədlərinin tapılmasının yeni bir qaydasını irəli sürmüşəm. Dünyada tanınmış alimlərdən Evklid, Leonardo da Vinçi, Ceyms Qarfild və digərləri Pifaqor teoremi haqqında öz fikirlərini söyləyiblər. Bu fikirləri biz daha çox 1940-cı ilə kimi görürük. Nəhayət, mən də Pifaqor teoremi üzərində işləyərək dörd düsturun köməyi ilə yeni bir fikir söyləyə bildim. Pifaqor teoremi ilə bağlı təklifim həm tək, həm də cüt natural ədədlər üçündür.
İrəli sürdüyüm bu yeniliyimi “Azərbaycan müəllimi” qəzetində çap etdirmək istədim. Düzü, məqaləm çap olunana kimi çox əziyyət çəkdim. Hətta yeniliyimi oğurlamaq istəyənlər də oldu. Redaksiya isə teoremin isbatını tələb edirdi və həmin dövrə kimi heç bir isbat verilməmişdir. Redaksiyaya ünvanladığım məktubu Bakı şəhərinin riyaziyyat təmayüllü bir neçə liseyinə göndərdilər. Nəhayət, bir gün teoremin geniş variantda isbatını verdim.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdim. Onlar isə məni Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə yönləndirdilər. Bu agentliyə də müraciət etdim. Müəllif Hüquqları Agentliyində Elza xanım mənə köməklik göstərdi. Agentlikdən mənə bildirildi ki, bu təklifinizə komissiya baxmalıdır. Komissiya bu məsələyə baxdı və Riyaziyyat elmində irəli sürdüyüm bu təklifə müəllif hüququ verdi. Bu hadisə 2017-ci il aprel ayının 4-nə təsadüf etdi. Bundan sonra 2017-ci il aprelin 29-da “Azərbaycan müəllimi” qəzetində məqaləm dərc olundu.
Artıq müəllif hüququ aldıqdan sonra qəzet, jurnal və televiziyalar məni işıqlandırdılar. “Azad Azərbaycan”, “Türküstan”, “Tovuz”, “Azərbaycan müəllimi” və s. qəzetlərdə Riyaziyyat elmində olan yeniliyim haqqında məqalələr dərc olundu. Jurnalist Kamran Əskiparalı mənim yeniliyim haqqında çəkiliş hazırlayaraq “Səstv”, “İnteraz”, “Dünyatv” və s. kanallarda işıqlandırdı.
- Bu yeniliyinizlə bağlı Tovuz Rayon Təhsil Şöbəsi və Təhsil Nazirliyi sizi müvafiq fərman və medallarla təltif edib. Bu haqda da söhbət açardınız.
- Öncə qeyd edim ki, rayon müəllimləri qarşısında bu yeniliklə bağlı çıxışım oldu. Rayon müəllimləri və xüsusilə riyaziyyatçılar mənə çoxlu suallar verdilər.
Azərbaycan Respublikası Təhsil Şurasının sədr müavini Böyükağa Mikayıllı bu yeniliyimlə bağlı qonağım oldu və Riyaziyyat elmindəki yeni təklifim haqqında dəyərli fikirlər söylədi.
Bir daha yeniliyimlə bağlı 2017-ci ilin avqust konfransında rayon müəllimləri qarşısında geniş tərkibli çıxışım oldu. Bir müddətdən sonra Rayon Təhsil Şöbəsi mənimlə əlaqə saxladı ki, bu yeniliyinizlə bağlı Təhsil Nazirliyi sizi mükafatlandırıb. Tovuz rayonu üzrə yeganə olaraq “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” rayon müəllimlərinin qarşısında Təhsil Şöbəsinin müdiri Validə xanım tərəfindən mənə təqdim olundu.
Əldə etdiyim bu uğura görə Prezidentimizə, sabiq təhsil naziri Mikayıl Cabbarova, Tovuz Rayon İcra Hakmiyyətinin başçısı Tofiq Zeynalova, Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynovaya, məktəbin direktoru Afət Qocayevaya dərin minnətdarlığımı bildirirəm. Burada, həmçinin AYB-nin üzvü, “Media və təhsil innovasiyaları” jurnalının təsisçisi Səidə Hüseynovaya və direktor müavini Məhərrəm Qasımova da öz dərin təşəkkürlərimi bildirirəm.
Xüsusilə qeyd etmək istərdim ki, Rayon Təhsil Şöbəsinin müdiri Validə xanım mənim məqalələrimi diqqətlə oxuyur və münasibətini bildirir. Hər zaman yeni təkliflərimə xoş münasibət bəsləyib.
- Qasimi müəllim, uzun müddət şagirdlərin maariflənməsində yaxından iştirak etmisiniz. Riyaziyyat elmi isə ən çətin elmlərdən biridir. Bir müəllim kimi xoşbəxtsiz?
- Əlbəttə, xoşbəxtəm. Müəllimlik ən ülvi bir peşədir. Yenə dünyaya gəlsəydim riyaziyyatçı olardım. Şagirdlərimdən bir çoxu Respublika olimpiyadalarında iştirak edərək müvafiq yerlər tutublar. Dərs dediyim şagirdlərim arasında çoxlu alimlilik dərəcəsi alan və respublikamızın bir çox nazirliklərində işləyənlər var. Hətta bu gün mənimlə işləyən müəllim yoldaşlarımın bir çoxu keçmiş şagirdlərimdir. Misal üçün, məktəbin direktoru Afət Qocayeva vaxtilə şagirdim olub.
- Sonda gənclərimizə nə sözünüz var.
- Arzu edirəm ki, gənclər öz üzərlərində çalışsınlar. Hər zaman yeniliyə can atsınlar. Oxumaqdan, öyrənməkdən heç bir zaman yorulmasınlar.
Söhbəti qələmə aldı: Mahmud Əyyub